Yeniyetmə güləşçilərimiz dünya çempionatında

23-28 avqustda Macarıstanın Szombathel şəhərində yeniyetmə güləşçilərin dünya birinciliyi keçiriləcək. Yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak edəcək. Proqramına əsasən, ilk iki gün xalça üzərinə sərbəst güləşçilər çıxacaqlar. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaqlar.
Sərbəst güləş yığmamız artıq Macarıstandadır. Böyük məşqçilər Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi ilə heyətdə Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Mircəlal Həsənzadə (50 kq), Sultan Nəsrullayev (54 kq), Elçin Məmmədov (58 kq), Gitinoməhəmməd Hacıyev (63 kq), Elmar İsmayılov (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Səid Həmidov (100 kq) yer alıblar.
Yeniyetmə qızlarımız son Avropa çempionatında 4 güləşçi ilə təmsil olunduqlarına görə, dünya çempionatında da 4 güləşçimiz mübarizə apara bilər. Böyük məşqçi Həsrət Məmmədyarov bu sınaqda Sahilə Ələkbərova (38 kq), Aydan Səfərli (46 kq), Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) yollanacaqlar.
Çempionatın son günlərində mübarizəyə qoşulacaq yunan-Roma güləşçiləri böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi Əfsər Namazəliyevin başçılığı ilə hazırlıqlarını davam etdirirlər. Heyətdə Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Hacımurad Bağmanov (69 kq), Elməddin Ramazanov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çopsiyevin (100 kq) yer alması gözlənilir.


Xəbər 969 dəfə oxundu.