“Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!”
7-8 sentyabrda Argentina paytaxtı Buenos-Ayresdə güləş idmanın taleyi həll olunacaq. İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyasında 2020-ci il Yay Olimpiya Oyunlarında güləş idman növünün saxlanılıb-saxlanılmaması barədə yekun qərar veriləcək.

Bu gün Azərbaycan Güləş Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsi Sahil bağında “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” şuarı ilə tədbir keçirdi.

Aksiyada AGF-in nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən klub və cəmiyyətlərinin nümayəndələri iştirak etdilər.

AGF-nin baş katibi Əjdər Cəfərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov və Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov güləşçilərimizin beynəlxalq arenada qazandığı uğurlardan danışdılar, pəhləvanlıramızın qələbələrini yüksək qiymətləndirdilər.

Bildirdilər ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da güləşə böyük maraq var. Ökəmizdə bu pəhləvanlıq sənətinə hələ qədim zamanlardan yüksək diqqət göstərilir, hər bahadırın qələbəsi xüsusi alqışla ölçülür. Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin olimpiya oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada, eləcə də ölkəmizdə təəccüblə qarşılanıb. Ümid edirik ki, bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü olimpiya oyunlarından kənarda qalmayacaqdır.

Natiqlər əlavə etdilər ki, güləş Olimpiya hərəkatı tarixində ən qədim idman növlərindən biridir. Gələcəyə doğru sağlam həyat tərzini təbliğ edən, özündə bir neçə idman növünün fəlsəfəsini birləşdirən, idmanın tarixini özündə cəmləşdirən və mərdlik simvolu olan güləşin olimpiya oyunlarının proqramında qalması vacibdir. Olimpiya oyunlarında güləşin qalması həm də tarixə olan hörmət kimi dəyərləndirilməlidir.

Ölkəmizdə idmanın bu növü ilə qədim zamanlardan məşğul olunduğunu bildirən natiqlər, Azərbaycanda zorxana, milli güləş kimi yarışların keçirildiyini diqqətə çatdırdılar. Vurğulandı ki, Azərbaycan güləşçiləri Helsinki olimpiadasından London oyunlarınadək keçirilmiş «dördillik»də əksər hallarda mükafatçılar sırasında yer alıblar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və AGF-in vitse-prezidenti Cavanşir Qurbanov idman.com.az-a açıqlamasında, güləşin olimpiya oyunlarının proqramında qalacağına inandıqlarını bildirdilər.

Sonra bahadırlarımız cəngi sədası altında nümunəvi çıxışlarını nümayiş etdirdilər.
Olimpiya, dünya və Avropa çempionları və mükafatçılarının iştirak etdikləri aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlandı. Müraciəti ölkəmizin ən titullu idmançısı Namiq Abdullayev oxudu.

Tədbirdə İran, Gürcüstan və Kubadan olan güləş ictimaiyyətinin nümayəndələri də iştirak etdilər.

Xəbər 1093 dəfə oxundu.