Avarçəkənlərimiz etimadı doğrultdular

Valentin Demyanenko dünya çempionatında qızıl medal və London olimpiadasına lisenziya qazandı

Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb. O, növbəti böyük uğuruna Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında imza atıb. 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Demyanenko bütün rəqiblərini arxada qoyub. O, finişə 39,339 saniyəyə çataraq, bütün rəqiblərini qabaqlayıb.

Bununla da Demyanenko ölkəmizə dünya çempionatında ilk qızıl medalla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazandırıb. Ondan öncə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 1000 metr və 500 metr məsafələrə yürüşdə gümüş medala sahib çıxıb. Bu cütlük də 1000 metrlik yürüşdə olimpiadaya lisenziya əldə edib.

200 metrlik yürüşdə gümüş medalı rusiyalı İvan Ştıl (39,573), bürünc medalı isə ispaniyalı Alfonso Benavides (39,687) qazanıb. Onlardan əlavə, ukraynalı Yuri Çeban, litvalı Yevgeni Şuklin, belaruslu Dmitri Vaytsişkin və polşalı Pavel Baraşkeviç London olimpiadasına lisenziya əldə edib.

Qeyd edək ki, Valentin Demyanenko iyunda Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşlərdə 2 qızıl medal qazanıb.

Xəbər 1317 dəfə oxundu.