Avarçəkmə üzrə dünya çempionatı davam edir

Macarıstanın Seqed şəhərində 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lisenziya xarakterli dünya çempionatı davam edir.
Avqustun 18-də kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə seçmə mərhələdə 2-ci yeri tutub. Bu nəticə ilə azərbaycanlı cütlük avqustun 19-da keçiriləcək əsas finala vəsiqə qazanıb. Adnan Əliyev isə 1 nəfərlik qayıqla yarımfinal yürüşündə 3-cü yerə çıxıb. Onun əsas finala çıxmasına cəmi 0,960 saniyəsi çatmayıb. Bununla da A.Əliyev London olimpiadasına lisenziya verən ilk 7-liyə düşmə şansını itirib.
Kayak və kanoye üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov deyib ki, dünya çempionatında 5 kanoeçimiz və 3 kayakçımız çıxış etsə də, olimpiadaya lisenziya uğrunda 6 yürüş xüsusi əhəmiyyət kəsb edirdi. Adnan Əliyevin şansını itirməsindən sonra ümid cəmi 5 lisenziyaya qalır. Kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə ilk “7-liy”ə, kayakçılarımızdan Natalya Fiklisova 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə ilk “8-liy”ə, Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk “6-lığ”a düşməyi bacarmalıdırlar. Demyanenko və Bezuqlıy – Prokopenko duetinin lisenziya qazanmaları realdır. Onlar təkcə lisenziyaya yox, medallara can atmalıdırlar. Baş məşqçi digər təmsilçilərimizin lisenziya üçün əzmlə yarışacaqlarına ümid etdiyini diqqətə çatdırıb.

Xəbər 1172 dəfə oxundu.