Daha bir Azərbaycan idmançısı dünya çempionu oldu
Almaniyanın Duysburq şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb.

İdmançımız 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafədəki yürüşdə hamıdan güclü olub. O, final yürüşündə finişə 38,462 saniyəyə çatıb.
Bununla da, Valentin Demyanenko 4-cü dəfə kanoe üzrə dünya çempionu adını qazanıb.

Sentyabrın 1-də isə Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxıblar. İdmançılarımız medala yaxın olsalar da onlar əsas finalda finişə 1 dəqiqə 46,094 saniyəyə çataraq, 5-ci yerlə kifayətləniblər.

Azərbaycanı bu yarışda 1 kayakçı və 6 kanoeçi təmsil olunub.

Ümumilikdə, 78 ölkənin təmsil olunduğu, cəmi 30 ölkənin medal qazandığı dünya çempionatında yığma komandamız medalların əyarına görə 15-ci olub.

Xəbər 1155 dəfə oxundu.