İradə Aşumova 4 olimpiadaya vəsiqə qazanan ilk idmançımızdır
İradə Aşumova London - 2012-yə lisenziya qazanıb. Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Serbiya paytaxtı Belqradda keçirilən Avropa çempionatında uğurlu çıxış edərək, “dördilliy”ə vəsiqə əldə edib.
25 metr məsafəyə gülləatmada həmyerlimiz 6 seriyanın yekununa görə 577 xal toplayıb. Mötəbər yarışda yer tutaraq lazımı nəticə ilə vəsiqəni özünə təmin edən İradə, London 2012-yə yollanacaq 5-ci idmançımız olub. Hərçənd, əvvəlkilərlə müqayisədə, 53 yaşlı atıcının bu müvəffəqiyyətə yetişməsi asan başa gəlmədi.

Atlanta, Sidney və Afina olimpiadalarında iştirak edən təcrübəli idmançı gücünü Pekində də sınamaq istəyirdi. Amma onun cəhdlərinə rəğmən, yarışlarda lisenziya qazanmaq mümkün olmadı. Aşumovanın reytinqi yüksək olduğu üçün o, “ualyd kart”la da Çinə yollana bilərdi. Lakin həlledici məqamda beynəlxalq federasiya siyahıya başqa idmançı saldı. Buna görə ruhdan düşən İradə məşqlərə bir müddət ara verdi. Hətta idman ictimaiyyətində onun karyerasını bitirərək milli komandada baş məşqçi işləməsi tövsiyə edildi və izah kimi diqqətin gənclərə artırılacağı göstərildi. Rəhbər postda ömür-gün yoldaşı Vladimir Lunyovu əvəzləyən titullu atıcı, yeni işinə həvəslə başladı. Amma böyük idmandan da getmədi. Çünki yeni nəslin onun təcrübəsindən faydalanmasına ehtiyac vardı. Üstəlik, ölkə çempionatında hələ də onu qabaqlayan tapılmırdı. Keçənilki müsahibəsindən misal: “Əsas məqsədimiz lisenziyanı tez qazanmaqdır. Ruslan Lunyovla Nigar Bağırovanın London olimpiadasına getmək şansları yüksəkdir. Arzu edirəm ki, onlar lisenziya qazansınlar. Çünki baş məşqçi və idmançı olmaq bir qədər çətindir. Bu halla dünya çempionatında da rastlaşdım. Hələlik İradə Aşumovanın səviyyəsinə çatan yoxdur. Məni keçən yox, bir qədər yaxınlaşan olsa, yəqin ki, nəsə fikirləşmək olar. Amma, deyəsən, bunu, bir qədər gözləyəcəyik. Çünki Azərbaycan çempionatında pnevmatik tapançadan atəşaçmada 1-ci mən oldum. 2-ci yerlə fərq isə böyük idi. Hələ mən mübarizə apardığım kiçikçaplı tapançadan atəş açmağı demirəm. Amma çalışıram ki, gənclər və yeniyetmələr tezliklə yerimi tutsunlar .

Ötən il dünya kuboklarında istədiyi nəticəni əldə edə bilməyən Afina-2004-ün bürünc mükafatçısı, bütün diqqətini Almaniyanın Münhen şəhərində keçirilmiş dünya çempionatına yönəldir. Məsqəd lisenziyanı erkən qazanıb olimpiadaya rahat hazırldaşmaq idi. İlk cəhdlər uğurlu alınsa da, sonradan xəstəlik öz sözünü deyib. “Ölkəmizdə idmanın bu növündə məşqçi qıtlığı hiss olunur. Bunun üçün yeni idmançıların yetişməsi vaxt tələb edir. Mənə baş məşqçi və idmançı kimi işləmək bir qədər çətindir. Çünki yarışlar zamanı özünlə bərabər, yığmanın üzvlərinə də göstərişlər verməli olursan. Almaniyada lisenziya qazanacağımı fikirləşirdim. İlk cəhdimdə 97 xal toplamağım çoxlarını təəccübləndirmişdi. Lakin sonra idmançılarımızdan birinin və mənim qripə yoluxmağımız planları pozdu. Çünki bizim idman növündə adi nəfəs güllənin istiqamətini dəyişir”.

Cari ildə təşkil edilmiş dünya kuboklarında hədəfləri boşa verən İradə, məqsədinə həlledici anda - Avropa çempionatında çatdı. Sevdiyi proqramda - iri çaplı tapançadan 25 metr məsafəyə atəş açmaqda imkanını qaçırmayan Aşumova, müstəqillik illərində olimpiadalara 4 dəfə vəsiqə qazanan yeganə idmançımız oldu. Əvvəlki 3 Oyunlardan İradə cəmi birində fərqlənib. Sidneydə son anda şansını qaçıran təcrübəli atıcı, bütün qüvvəsini Afina olimpiadasına yönəltdi. Yüksək idman forması ona olimpiya yığmamızın üzvləri arasında lisenziyanı 2-ci (ilk vəsiqəni Zemfira Meftəhəddinova qazanmışdı - 2001) əldə etməsi ilə nəticələndirdi.

Beynəlxalq turnirlərdəki qələbələri azarkeşlərimizi çox ümidləndirmişdi. Hamı Afinada ondan qızıl medal gözləyirdi. Amma oyunların gedişi Sidney hadisələrini təkrarlaya bilərdi. 10 metr məsafəyə atəş açmaqda final mərhələsinə qədər 1-ci olan Aşumova, həlledici mərhələdə fürsəti əldən verdi. Ümid digər proqramdakı mübarizəyə qalmışdı. Oradada İradə xeyli müddət lider oldu. Həlledici məqamda ani səhv ona yalnız “bürünc” qazandırdı - 687,3 xal (588+99,3).

Titullu atıcımızın Londonda nəyə qadir olacağı onun hazırlığı və olimpiadaya yanaşmasından asılı olacaq. Yaş əvvəlki olmasa da, təcrübə Dumanli Albionda da öz sözünü deyə bilər.

K.HACI


Xəbər 6421 dəfə oxundu.