XXVI yay universiadasında ilk medalımızı cüdoçu qazandı

Avqustun 12-də Çinin 13 milyonluq Şenjen şəhərində tələbələrin XXVI yay universiadası start götürüb. Rəsmi açılış mərasimində Azərbaycan nümayəndə heyəti də təntənəli yürüşdə iştirak edib. İki ildən bir keçirilən universiadanın budəfəki yarışlarına 150 ölkənin 13 mindən artıq tələbə idmançısı qoşulub. Onlar 24 növ üzrə medallar uğrunda mübarizə aparırlar. Ölkəmiz bu böyük idman tədbirində bədii gimnastika, atletika, cüdo, taekvondo, qılıncoynatma və ağırlıqqaldırma növlərində təmsil olunur. Komandaya 25 idmançı daxil edilib.

Şenjendə keçirilən tələbə olimpiadasının 3-cü günündə Azərbaycan komandası ilk medalını qazanıb. Kişilərin 81 kq çəki dərəcəsində çıxış edən Rüstəm Alimli ilk görüşündə amerikalı Brayan Pereyranı 3 dəqiqə 11 saniyəyə ippona salıb. Sonrakı mərhələdə o, təsnifat yarışından azad olmuş ukraynalı Vitali Popoviçə tatami üzərində bundan cəmi 15 saniyə çox duruş gətirməyə imkan verib. İdmançımız yarımfinala aparan yolda rusiyalı Murad Xabaçirovu 1 yuka və rəqibin bir xəbərdarlığı sayəsində məğlubiyyətə uğradıb.
Fəxri kürsü uğrunda həlledici görüşündə Rüstəm Braziliya təmsilçisi Viktor Oliveyranın da müqavimətini qırmalı olub. Bir yuka fəndi geri düşən kimono ustamız 2 dəqiqənin tamamında rəqibini ippona salıb. Final qarşılaşmasında onun rəqibi cüdonun vətəni Yaponiyanı təmsil edən Tomohiro Kavakami olub. Rəqib 51 saniyəyə görüşün taleyini həll edib.
Bu medalla komandamız uğur qazananaların ümumi cədvəlində hələlik 24-cü yerdədir.
Universiada "Burada başla - fərq yarat" devizi altında keçirilir. O, Pekin Yay Olimpiya (2008) və Quancu Asiya İdman Oyunlarından (2010) sonra son illər Çində təşkil edilən ən böyük tədbir hesab olunur. Bu yarışı qəbul etmək uğrunda mübarizənin 2007-ci il yanvarın 16-da keçirilən final mərhələsində Şenjen Rusiyanın Kazan, İspaniyanın Mursia, Polşanın Poznan və Çinin daha iki şəhəri - Kaohsyunq və Tayvan şəhərləri ilə mubarizədə qalib çıxmışdı. Ötən müddət ərzində təşkilati işlərə 180 milyard yuan maliyyə vəsaiti xərclənib. Onun 75 milyardı yeni dəmir yolu və metro xəttinin inşasına sərf olunub. Daha 12 milyarda yeni yollar və küçələr salınıb. 4,1 milyardına isə 60-minlik olimpiya mərkəzi tikilib. Bundan əlavə, 12 yeni idman obyekti də istismara verilib. Yarışların keçirilməsi üçün ümumən 41, məşq üçün isə 29 obyekt ayrılıb. Mübarizə hələ başlamazdan əvvəl Şenjen universiadası bir çox rekordları təzələyib. Belə ki, idman növlərinin sayı artıb: aerobika, ağırlıqqaldırma və şahmat universiadanın proqramına ilk dəfə daxil edilib. Ümumilikdə idmançılar 306 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox idmançı Çin, Rusiya və Yaponiyadandır. Yarışları izləmək üçün təxminən 2 milyon bilet satılıb. Oyunları 3 mindən çox media təmsilçisi işıqlandırır. Universiadaya avqustun 23-də yekun vurulacaq.
1959-cu ildən keçirilən bu yarışlarda yaşı 17-dən 28-ə qədər olan tələbələr iştirak etmək hüququna malikdirlər.

Xəbər 1240 dəfə oxundu.