“Baku Open” ölkə şahmatına daha bir töhfə oldu
Bu dəfə baş mükafata Belarus şahmatçısı çıxdı Avqustun ilk yarısında Bakı daha bir mötəbər şahmat yarışının vətəninə çevrildi. Ölkədə "zəka idmanı"nın inkişafı və kütləviliyin təmin edilməsində, həmçinin gənc nəslin ustalığının artması baxımından əhəmiyyətli olan budəfəki şahmat festivalı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olundu.

Avqustun 5-də paytaxtın Novxanı qəsəbəsində start götürmüş "Bakı Open-2011" beynəlxalq şahmat festivalında 17 ölkədən 73 şahmatçı, o cümlədən 28 qrossmeyster iştirak edirdi. Turnir İsveçrə sistemi ilə 9 turdan ibarət idi. 5 şahmatçının reytinqi 2700 həddini aşırdı. Bunlar Şəhriyar Məmmədyarov (Azərbaycan, 2765), Fransisko Valyexo Pons (İspaniya, 2724), Lenyer Dominges Peres (Kuba, 2719), Aleksey Dreyev (Rusiya, 2711), Emil Sutovski (İsrail, 2700) idi.

Avqustun 6-da Novxanıdakı "AF HOTEL" istirahət mərkəzində festivalın açılış mərasimi keçirildi. Çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov turnir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzuladı, gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmatın Azərbaycanda yüksək inkişafla irəliləyən və çox sevilən, sevildiyi qədər də qədim köklərə malik olan bir idman növü olduğunu xüsusi vurğuladı. Ölkə idmanının inkişafından, bu xüsusda ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rolunu qeyd edən nazir müavini tarix boyu zəngin şahmat ənənələrinə malik ölkəmizdə idman və bədən tərbiyəsi hərəkatının yüksək inkişaf yoluna qədəm qoyduğu müasir dövrdə də şahmatçılarımızın nüfuzlu yarışlarda layiqli qələbələr əldə etməsindən, dünya arenalarında Azərbaycan bayrağını dalğalandırmasından danışdı. Buna sübut olaraq, İsmayıl İsmayılov 2009-cu ilin oktyabrında Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatında kişi komandamızın çempion adını qazanmasını, qadın seçməmizin 4-cü yerə çıxmasını, gənc şahmatçılarımızın müxtəlif yaş qruplarında dünya və Avropa birinciliklərindəki dalbadal uğurlarını dilə gətirdi.

"Bügünkü nailiyyətlərimizin zəmini ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" deyən nazir müavini İsmayıl İsmayılov, hər bir xalqın intellektual səviyyəsini əks etdirən bu idman növünə ümummilli liderimizin həmişə böyük maraq göstərdiyini xatırlatdı. O, ulu öndər Heydər Əliyevin Azərbaycan şahmatçıları ilə görüşləri, verdiyi sərəncamlar və qərarlar əsasında onların daim diqqət və qayğı ilə əhatə olunması ilə, şahmatçıların peşəkar səviyyəsinin artmasının sıx bağlı olduğunu diqqətə çatdırdı. Bu prosesi uğurla davam etdirən ölkə rəhbəri İlham Əliyevin 2009-cu il mayın 5-də verdiyi sərəncamla təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət proqramı" dünya ölkələri təcrübəsində şahmatın inkişafına yönəldilmiş ilk proqram kimi müasir idman tariximizə daxil olub. "İnanırıq ki, şahmatçılarımız da bu diqqət və qayğının müqabilində öz nailiyyətləri ilə bundan sonra da xalqımızı sevindirəcəklər" deyə o, sözünü yekunlaşdırdı.

Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, festivalın baş hakimi Faiq Həsənov oyunun qaydaları barədə məlumat verdi və turnir açıq elan olundu.

Turnirin ilk günündə Azərbaycan şahmatçılarından Anar Allahverdiyev, Sərxan Quliyev, Ayaz Məmmədov, Loğman Quliyev, Rauf Məmmədov, Nicat Ağayev, Nərmin Xələfova, Nicat Abbasov, Ülvi Bacarani, Şəhriyar Həsənov, Eltac Səfərli, Elnur Əliyev və İzzət Kənan görüşlərini qələbə ilə başa vurub, Orxan Abdulov, Xəyalə İsgəndərova, Sənan Dövlətov, Təbriz İdrisov, Şəhriyar Məmmədyarov, Rəsul İbrahimov, Kənan Heydərov və Şücayət Orucov rəqibləri ilə sülh bağladılar.

İki turdan sonra itkisiz irəliləyənlərin sırasında Anar Allahverdiyev, Eltac Səfərli (Azərbaycan), Aleksey Dreyev, Yevgeni Romanov, Dmitri Andreykin, Sergey Volkov (Rusiya), Emil Sutovski (İsrail), İvan Çeparinov (Bolqarıstan), Fransisko Valyexo Pons (İspaniya), Mixeil Mçedlişvili (Gürcüstan), Lazara Bruzon Batista (Kuba) və Sergey Jiqalko (Belarus) oldular.

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Ülvi Bacarani, Sərxan Quliyev, Sənan Dövlətov, Rauf Məmmədov və İdris Təbrizovun hər birinin aktivində 1,5 xal oldu.

3-cü turda isə Azərbaycan şahmatçılarından heç biri mütləq nəticə ilə irəliləyə bilmədi. Nəhayət, 5-ci turda bir oyunda da xal itirmədən liderliyi ələ alan Belarus təmsilçisi Sergey Jiqalko turdan-tura zirvədəki yerini qorudu. Doğrudur, 6-cı turda o da ilk xalını əldən verdi, amma rəqibləri də geri qaldılar. Bununla belə, finiş xəttinə qədər turnir cədvəlində gərginlik aradan qalxmadı. Son tur ərəfəsində idmançılarımızdan Sərxan Quliyev rusiyalı Andreykinlə birgə liderdən 0,5, Şəhriyar Məmmədyarov rusiyalılar Romanov və Volkov, kubalı Bruson, gürcüstanlı Mçedlişvili, əslən bakılı İsrail vətəndaşı Emil Sutovski və moldovalı İordakesku 1 xal geri qalırdılar.

Bazar günü keçirilən həlledici matçlarda iki lider üz-üzə gəldi. Dmitrii Andreykindən yarım xal qoparan Sergey Jiqalko 7 xalla baş mükafatı vətəninə apardı. Bu turda Sərxan Sutovskiyə məğlub olaraq, mükafatçılar arasında olmaq şansını itirdi. Əvəzində, Sutovski Andreykinlə eyni miqdarda - 6,5 xal toplayaraq, əmsallara görə 3-cü yerə çıxdı. Şəhriyar Məmmədyarov da bu tur Lazaro, Eltac Səfərli isə Valyexo ilə heç-heçə etdi.

İdmançılarımız arasında ən yaxşı nəticə göstərənlər 6 xalla Sərxan Quliyev, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov (4-14-cü yerlər), 5,5 xalla Eltac Səfərli (15-20-ci yerlər) oldular.

Xəbər 1535 dəfə oxundu.