"Simurq" "İnter"lə oyuna tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının beşinci turunda "İnter"in qonağı olacaq "Simurq" klubu hazırlıqlarını "Bayıl Arena"da davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən növbəti məşqinə çıxan "Simurq" tam heyətlə çalışmalara başlayıb.

Son hazırlıq prosesində Georgi Çixradzenin komandası əsasən fiziki ağırlıqlı təmrinlər ibarət tapşırıqları yerinə yetirib. Məşqin əvvəlində gürcü mütəxəssis futbolçularını ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət edib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib.

Bir saatdan artıq davam edən bu hazırlıq prosesindən sonra taktiki tapşırıqlardan ibarət ikitərəfli futbol oynanılıb. Məşqin sonunda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib. Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib.

Qeyd edək ki, "İnter" - "Simurq" oyunu sentyabrın 1-də, saat 20:00-da start götürəcək.

Xəbər 867 dəfə oxundu.