Futbol üzrə rayon çempionatı başa çatıb
Siyəzən rayon Gənclər və İdman idarəsinin 11 iyul tarixindən etibarən Siyəzən Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi futbol üzrə rayon çempionatına yekun vurulub.

“Sağlam həyat tərzini seç!” devizi altında şəhər stadionunda keçirilən çempionatda şəhər və kənd bələdiyyələrinin 10 komandası iki yarımqrupda birincilik uğrunda mübarizə aparıblar.

Rayonda futbolun inkişafı, kütləvi idman yarışları vastəsilə sağlam həyat tərzinin gənclər arasında təbliği, idmanın kütləviliyinin və gənclərin asudə vaxtlarının təmin olunması məqsədi ilə keçirilən yarışlarda ümumilikdə 200 gənc iştirak edib.

26 avqustda baş tutan final qarşılaşmasında birinciyə “Topaz”, ikinciyə “Dinamo”, üçüncü yerə “Gənclər 1989” komandası layiq görülüblər.

Sonda yer tutmuş komandaların üzvləri rayon Gənclər və İdman idarəsinin kubok, medal və fəxri-fərmanları ilə təltif olunublar.

Xəbər 1133 dəfə oxundu.