"Simurq" "İnter"lə oyunun hazırlıqlarına başladı
Topaz Premyer Liqasının IV turunda "Şəfa" stadionunda "Bakı"ya məğlub olan "Simurq" növbəti oyunun hazırlıqlarına start verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Simurq" bir günlük istirahətdən sonra "Bayıl Arena"da bu gün ilk məşqinə çıxıb.

İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze futbolçularını iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künclərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla günlük hazırlıq tamamlanıb.

Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komanda oyunlara hazırlığı Bakıda keçirir. Bu gün də "sarı-qaralar" növbəti məşqinə çıxacaq. "Simurq" yeni ayın ilk günündə Topaz Premyer Liqasının V turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olacaq.

Xəbər 832 dəfə oxundu.