İspaniyalı futbolçu "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ispan futbolçu Eduard Oriol Qrasiya bundan sonra cənub təmsilçisinin şərəfini qoruyacaq.

26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"-də oynayan Edu bu komandanın "Sequnda"ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselonanın" əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib.

2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol "La Liqa"da çıxış edən "Real Saraqosa"-nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bundan sonra "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq.

Edu Oriolla "Xəzər Lənkəran" arasında iki il müddətinə müqavilə imzalanıb.

Xəbər 894 dəfə oxundu.