3 boksçumuz Avropa birinciliyinin medallarını özünə təmin etdi
Hollandiyanın Rotterdam şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. Azərbaycan milli komandasının 3 üzvü yarımfinala vəsiqə qazanmaqla, qitə birinciliyinin medallarını özlərinə təmin ediblər. 56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ¼ finalda rumıniyalı Fredi Nikusoru məğlub edib. Həmyerlimiz finala gedən yolda albaniyalı Rexildo Zenili ilə qarşılaşacaq.

Cavid Quliyev də (64 kq) qitə birinciliyinin mükafatçıları sırasına daxil olub. Millimizin üzvü ¼ finalda Rumıniya nümayəndəsi Vizanı mübarizədən kənarlaşdırıb. Quliyev yarımfinalda Almaniyanı təmsil edən Aqon Qaşi ilə üz-üzə gələcək.

52 kq çəki dərəcəsindəki təmsilçimiz Məsud Yusifzadə də yarımfinala yüksələnlər arasındadır. Boksçumuz ¼ finalda fransalı Samuel Xistourri üzərində qələbə qazanıb. Məsudun növbəti rəqibi Türkiyə nümayəndəsi Ömər Koç olacaq.

Qeyd edək ki, Münasib Məmmədov (49 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq) və Məhəmmədəli Tahirov (91+kq) ¼ final mərhələsində məğlubiyyətlə üzləşiblər. Avropa birinciliyinə avqustun 17-də yekun vurulacaq.

Xəbər 1382 dəfə oxundu.