Saşa Yunisoğlu: Qrupun favoritləri ilə oyunlarımız çox çətin keçəcək

Azərbaycan yığmasının üzvü Saşa Yunisoğlu millimizin DÇ-2014-ün seçmə mərhələsində çətin qrupa düşdüyünü deyir. İdman.com.az saytının əməkdaşı ilə söhbətində futbolçu bildirib ki, Portuqaliya, Rusiya və İsrail milliləri hazırda dünyanın səviyyəli komandalarından sayılırlar.
“Rəqiblərimizin hamısı tanışdır. Portuqaliya və Rusiya kollektivləri ilə matçlarda forma geyinmişəm. Hesab edirəm ki, bu dəfə də qrupun favoritləri ilə oyunlarımız çox çətin keçəcək. Amma Azərbaycan futbolu inkişaf edir. Fikrimcə, güclü rəqiblərə layiqli müqavimət göstərə biləcəyik” – deyə, Yunisoğlu bildirib.
Müdafiəçi Lüksemburqla Şimali İrlandiya yığmalarını bizə münasib sayır. Onun fikrincə, bu rəqiblərdən xal almaq olar: “Lüksemburqla yoldaşlıq matçında onlara qalib gəlmişik. Şimali İrlandiya futbolçuları ilə Bakıdakı görüşdə heç-heçə qeydə alınmışdı. Demək, daha çox çalışsaq, bu dəfə qənaətbəxş nəticəyə nail ola bilərik. Birdə ki, Avropa çempionatının seçmə mərhələsində hələ oyunlarımız qalıb. Matçların əksəriyyətinin paytaxtda keçirilməsini nəzərə alsaq, yaxşı sonluğa ümid edə bilərik”.

KAMRAN

Xəbər 973 dəfə oxundu.