“İngiltərədə olan meydançalar bu gün Qəbələdə də var”

“İngiltərədə yaxşı hazırlıq keçdik, maraqlı oyunlar oynadıq”. Bu sözü “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib. İdman.com.az saytı xəbər verir ki, yeni mövsümdən etibarən “Qəbələ”nin formasını geyinəcək 23 yaşlı futbolçu komandasının Londondakı təlim-məşq toplanışı barədə danışıb. O, yoldaşlıq matçlarında baş məşqçinin bütün futbolçuları yoxladığını deyib: “Komandaya uyğunlaşmaq baxımından problem yaşamadım. Heyətdəki futbolçuların hamısı peşəkar futbolçulardır. Oyunlara gəldikdə, baş məşqçi Toni Adams hamını yoxlayırdı. Futbolçuların fiziki durumuna diqqət yetirir, problemləri müəyyənləşdirməyə çalışırdı”.
Komandanın məqsədinə nail olub-olmayacağına gəldikdə, müdafiəçi bu baxımdan problem olmayacağını deyib: “Çox yaxşı komandamız var. Bir-birimizə dəstək olsaq, məqsədimizə nail olacağıq. Hər şey peşəkar səviyyədə qurulub. İngiltərədə olan meydançalar bu gün Qəbələdə də var. Belə dəstək olan yerdə nəticə qazanmaq da mümkün olacaq”.

Xəbər 948 dəfə oxundu.