Azərbaycan Diaspora Təşkilatlarından "Qarabağ"a böyük dəstək
Güney azərbaycanlıları da "Qarabağ"ın yanında olacaq

Azərbaycanın İsveç Krallığındakı səfirliyi, "Qarabağ"ın 8 avqustda Sundusval şəhərində yerli "Gefle" klubuna qarşı keçirəcəyi cavab qarşılaşması ilə əlaqədar, Diaspora təşkilatlarının nümayəndələri ilə toplantı keçirib.

Komandamızın Skandinaviya səfəri öncəsi İsveç azərbaycanlılarının müzakirə etdiyi tək mövzu Avropa Liqası III təsnifat mərhələsində "Gefle" və "Qarabağ" futbol klublarının cavab görüşüdür. Ölkəmizi Avropa Liqasında layiqincə təmsil edən komandamıza hansı səviyyədə dəstəyin olmasını öyrənmək üçün, Azərbaycanın Respublikasının İsveç Krallığındakı səfirliyi ilə əlaqə saxladıq.

Telefonumuza cavab verən attaşe Cəmilə Nəzərova, bu mövzu ilə bağlı müşavir Günəş Rüstəmzadə ilə görüşməmizin uyğun olduğunu bildirdi.
Adı son çəkilən həmyerlimizin gülümsəməsindən, "Qarabağ"ımızın qələbələrindən məmnun olduğu aydın şəkildə sezilirdi. Lakin futbol mövzusunun konsulluq xidməti və siyasi məsələlərə aidiyyatı olmadığından, bizimlə qeyri rəsmi söhbətə razılıq verdi.

Mövzuya başlamadan öncə, yaxın keçmişdə voleybolçularımızın da xarici səfərləri zamanı, Diaspora nümayəndələrimizlə görüşdüklərini və xaricdəki azərbaycanlıların komandamıza verdikləri dəstəyin səviyyəsiylə maraqlandıqlarını bildirdi:

- "Qarabağ"ın uğurlu çıxışları haqqında məlumatımız var. Azərbaycandakı qarşılaşmada yüksək səviyyəli oyunun şahidi olduq. Oyun Stokholmda keçiriləcəyi təqdirdə, bütün əməkdaşlarımızla birlikdə oyunu tribunalardan izləməyə gedərdik. Bildiyiniz kimi, səfirliyimizin cəmi üç əməkdaşı var və az saylı kollektivə sahib səfirliyimizin fəaliyyəti İsveç, Norveç, Danimarka və Fillandiyanı əhatə edir. Həm diplomatik və həm də konsulluq fəaliyətini bir neçə saatlıq dayandıraraq Sundusvala gedərsək, səfirliyin fəaliyyətində ciddi problemlər yaşanar. Lakin sizi bir başqa xəbərlə sevindirə bilərəm. Bir saat əvvəl, DiasporaTəşkilatları ilə toplantımız oldu. 8 avqustda İsveç azərbaycanlıları üçün tarixi futbol gününü müzakirə etdik.

AFİ (Azərbaycan İsveç Federasiyası) və Azərbaycan İsveç Konqresi (hər ikisi İsveçdə Azərbaycan dərnəklərini özündə birləşdirən üst təşkilatlardır) üzvüləri çox güman ki, avtobuslarla "Norrporten Arena"ya Azərbaycan bayraqlarıyla birlikdə gedəcəklər. Avtobus olmasa belə, şəxsi avtomobil və digər minik vasitələrindən istifadə etməklə, kifayət qədər cox azərbaycanlımız Sundusvalda olacaq. Güney azərbaycanlıları da "Qarabağ"la yaxından maraqlanırlar və onlarında komandamızın yanında olacağını söyləyə bilərəm. Nə qədər tərəfdarın Sundusvala gedəcəyini əvvəlcədən söyləmək çətindir, ancaq kifayət qədər həmvətənimizi tribunalarda görəcəksiniz. Öz adımdan "Qarabağ"a uğurlar arzu edirəm. Komandamızın qələbə qazanacağına ümid edirəm.

Mansur Dadaşov, Stokholm
Xüsusi olaraq idman.com.az üçün

Xəbər 1253 dəfə oxundu.