1 saylı nümayəndəlik “Gənc Olimpiyaçılar” yarışında sınaqdan keçiriləcək
20-23 avqust 2013-cü il tarixdə Azərbaycan Texniki Universitetinin İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (1999-2000-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” yarışı keçiriləcək.

Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır.

Komanda xarakteri daşıyan yarışlar FİLA-nın mövcud qaydalarına əsasən 10 çəki dərəcəsində keçiriləcək.

Yarışda 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən “Xosrov Cəfərov”, “Azəri”, “Müşviqabad”, “Nardaran”, “Cəngi”, “Pirallahı”, “Hövsan”, “Bakı”, “Həyat” və “Xəzri” güləş klubları ilə yanaşı, əlavə komandaların da iştirakı nəzərdə tutulur.

Proqrama əsasən, 20-21 avqustda sərbəst, 22-23 avqustda yunan-Roma güləşi yarışları keçiriləcək.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər 1140 dəfə oxundu.