“Arsenal”ın bəlası Droqba: 15 oyunda 15 qol
Dünən “Emirates Kuboku” başa çatdı. “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə), “Napoli” (İtaliya) və “Portu”nun (Portuqaliya) iştirak etdiyi turnirdə əvvəl portuqaliyalılara, sonra ingilislərə qalib gələn Türkiyə klubu turnirin qalibi oldu.

İstanbul klubunun üzvü Didye Droqba 2:1 hesabı ilə başa çatan oyunda komandasının hər iki qoluna imza atmaqla “Arsenal”la oyunlarda 15-ci dəfə fərqlənib. Belə ki, “Çelsi”də oynayan zaman London təmsilçisinə qarşı keçirdiyi 14 oyunda 13 dəfə fərlənən afrikalı dünən 15-ci oyunda qol hesabını 15-ə çatdırıb.

Bununla bağlı açıqlama verən Droqba uğurunu “gözəl rekord” adlandırıb: “Gəncliyimizdə “Arsenal” bizim üçün ideal bir komanda idi. Heyətində çox sayda fransız oyunçular yer alırdı. Anri, Pires kimi futbolçuları var idi. Bir gün “Arsenal” formasını geyinməyi arzulayırdım. Onlara qarşı oynadığım üçün çox xoşbəxtəm”.

Xəbər 1218 dəfə oxundu.