Avarçəkənlərimiz dünya çempionatının yarımfinalında!

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan milli komandasının üzvü, ötənilki dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov yarımfinala vəsiqə qazanıb.

1 nəfərlik qayıqla (BM1X) çıxış edən Aleksandrov ¼ finalda Georgi Bojilov (Bolqarıstan) və Rolandas Masçinskasdan (Litva) sonra finişə 3-cü çatıb. O, 2000 metr məsafəni 7 dəqiqə 14,15 saniyəyə qət edib. Hər üç avarçəkən ilk 12 pillə uğrunda mübarizəyə imkan verən əsas yarımfinala yüksəlib. Sonrakı yerləri tutan Mihovll Kotoras (Xorvatiya), Vladislav Yakovlev (Qazaxıstan) və Stefan Koks (Zimbabve) isə ən yaxşı halda 13-cü yerə iddia edə bilərlər.

Bu gün çıxış edən daha 3 avarçəkənimiz - Kamal Məmmədov və Aleksandr Qlotov – Fuad Mirzəyev dueti mükafatlar uğrunda mübarizə şanslarını itiriblər. Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla (BM1X) ¼ final yürüşündə 4-cü yeri tutub. 2000 metr məsafəni 7 dəqiqə 30,84 saniyəyə qət edən avarçəkənimiz Sid Budina (Əlcəzair), Vedran Radoniç (Xorvatiya) və Kilian Mentsldən (Avstriya) geri qalıb. O, Hakbeom Li (Cənubi Koreya) və Jerom Völkeni (İsveçrə) arxada qoyub. İlk “3-lüy”ə düşə bilmədiyindən, Məmmədov əsas yarımfinaldan kənarda qalıb. O, ən yaxşı halda 13-cü yeri tuta bilər. Bu isə Bakı vaxtı ilə saat 18:30-da başlanacaq C-D yarımfinalının nəticəsindən asılı olacaq.

Qlotov – Mirzəyev dueti isə təsəlliverici yürüşdə finişə 7 dəqiqə 8,37 saniyəyə 5-ci yerdə çatıb. Onlar Anton Braun – Bastian Bexler (Almaniya), Remo Lanzoni, İvan Karino (Argentina), Yohen Alixnoviç – İqor Paşeviç (Belarus) və Arnold Sanqlepp – Ronald Vaeli (Estoniya) cütlüklərindən geri qalıblar. İlk 2 yerdən birini tuta bilmədiklərindən, avarçəkənlərimiz mükafatlar uğrunda mübarizəyə imkan verən əsas yarımfinaldan kənarda qalıblar. Qlotov – Mirzəyev dueti saat 18:42-də C-D yarımfinalına qatılacaq.

Qeyd edək ki, Aleksandr Qlotovdan əlavə, yeganə qadın təmsilçimiz İskra Angelova da 1 nəfərlik qayıqla (BW1X) yürüşdə yarımfinala çıxıb. O, iyulun 23-də finala vəsiqə uğrunda mübarizə aparacaq.

Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.

Xəbər 1236 dəfə oxundu.