Qadın güləşçilərimiz türkiyəli həmkarları ilə hazırlaşır
13-18 avqustda Bolqarıstan paytaxtı Sofiyada gənclər, sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə qadın güləşçilər arasında güləş dünya çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan milli komandaları bu yarışlara hazırlıqları davam etdirir.

Sərbəst güləş üzrə qadınlardan və gənc qızlardan ibarət yığma komandanın üzvləri dünya çempionatına hazırlığını Astara Olimpiya İdman Kompleksində Türkiyə qadın güləşi yığması ilə birgə keçir.

Yığma komandamızın heyətinə Şəfəq Muradzadə (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Almaz İsmayılova, Yarina Dubovska (hər ikisi 55 kq), Alyona Kolesnik, Yuliya Ratkeviç (hər ikisi 59 kq), Anna Belyayeva, İrina Netreba, Raqnetta Qurbanzadə, Elmira Həsənova (hamısı 63 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 72 kq) cəlb olunub.

Hazırlığa yığma komandanın baş məşqçisi Yaqub Məmmədov, böyük məşqçilər Konstantin Konorev, Arif Fərmanov və məşqçilər Aslan Ağayevlə Həsrət Məmmədyarov rəhbərlik edir.

Türkiyə yığma komandasının heyətində isə məşqçilər Şemseddin Yıldız, Zeynep Yıldırım Diri və Habil Karanın başçılığı altında 12 idmançı ölkəmizə səfər edib.

Birgə təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək.

Xəbər 1014 dəfə oxundu.