Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə
Hörmətli Çingiz Hüseynzadə!
Sizi - respublikamızda Olimpiya hərəkatının nümayəndəsini 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Müstəqil Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi fəaliyyətə başladığı vaxtdan etibarən Siz ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişaf etdirilməsi işinə töhfələr vermisiniz. Ötən illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmasında Sizin də xidmətiniz vardır.
Hazırda dünyada idman ölkələrindən biri kimi tanınan Azərbaycanın mötəbər beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində məqsədyönlü fəaliyyətiniz təqdirə layiqdir. Bu istiqamətdə apardığınız səmərəli işlər Beynəlxalq Olimpiya Komitəsi və onun ayrı-ayrı qurumları tərəfindən lazımınca qiymətləndirilmişdir.
Ümidvaram ki, Siz respublikamızda Olimpiya Hərəkatının genişləndirilməsi və inkişaf etdirilməsi naminə bundan sonra da öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2011-ci il.

Xəbər 3023 dəfə oxundu.