Adrian Pit «Xəzər Lənkəran»dan qovulmayıb?
Con Toşak Zohair Benouahini də yola salır

Avroliqanın 2-ci təsnifat mərhələsində İsrailin «Makkabi» klubuna evdə 0:8 hesabı ilə uduzan «Xəzər Lənkəran»ın düşərgəsində sular bulanmağa başlayıb. İdman.com.az saytı xəbər verir ki, doğma divarlar arasında rüsvayçı məğlubiyyətdən sonra istefa vermiş baş məşq Con Toşakı rəhbərlik saxlamağa qərar verib.

Əvəzində, «ağ-yaşıllar»ın camiyəsində yayılan xəbərə görə, özünü doğrultmayan futbolçular – Adian Pit, Eder Bonfim, Marin Orsuliç və Toni Doblas heyətdən kənarlaşdırılıb. Amma görünür, cənubdan gələn məlumatlar həqiqəti əks etdirmir. Ya da, «Xəzər Lənkəran» adı çəkilən futbolçulardan başqa da, uzaqlaşdırılanlar var.

Belə ki, saytımızın əməkdaşı bu gün günorta saatlarında Adian Pitlə «gəmiqayıranlar»ın AzAL-dan transfer etdiyi Zohair Benouahini Nizami küçəsində (keçmiş Torqovı) rahat, heç nə olmamış şəkildə gəzdiklərini görüb. Paytaxtın havası onlara ağır gəldiyi üçün, futbolçular şəhərin seyrinə şortiklə çıxmışdılar. Üzlərində qəmgin, günahkar obrazı hiss olunmurdu. Əksinə, çox xoşbəxt görünürdülər.

Ola bilsin ki, «Xəzər Lənkəran» rəhbərliyi Con Toşak kimi, bu futbolçuları da bağışlayıb. Başqa ehtimala görə, qovulanlar sırasında mərakeşli yarımmüdafiəçi də var. Mülahizəni bir şimal məsəlinə əsasən yürüdürük: «Dostunu göstər, deyim sən kimsən».

Xəbər 2631 dəfə oxundu.