Namiq Əliyev: "Yeniyetmə güləşçilər xüsusi nəzarətə götürülüb"
Azərbaycan Güləş Federasiyası yeni və perspektivli güləşçilərin aşkarlanması məqsədilə mütəmadi olaraq seçmə xarakterli yarışlar keçirir, işlər aparır. İdman.com.az saytı xəbər verir ki, 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarına yeni və perspektivli güləşçilərin aşkarlanması və hazırlanması məqsədilə Federasiyada təşkil edilmiş Seçim Komissiyası sərbəst güləş üzrə yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında iyun-iyul ayları ərzində bölgələrdə olub.

Komissiya AGF-nin nümayəndəliklərində fəaliyyət göstərən Klub və Cəmiyyətlərdə 1999-2003-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmə güləşçilərin ümumi hazırlıq prosesinə, onların fiziki və taktiki-texniki hazırlığına baxış keçirib.

Baxışdan sonra hər bir nümayəndəlikdən perspektiv vəd edən güləşçilərin seçilərək nəzarətə götürüldüyünü bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev peşəkar güləşçinin yetişməsi üçün müəyyən vaxt tələb olunduğunu deyib:

“Hesab edirəm ki, ölkəmizdə güləş idman növünün inkişafına və kütləviliyinə nail olmuşuq. Bu gün ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən güclü və istedadlı güləşçilər hazırlanıb. Hazırlıq prosesi bir an belə dayanmır. Çünki qazanılan uğurları davam etdirmək lazımdır. Hazırda ölkəmizdə 40 minə yaxın insan idmanın güləş növü ilə məşğul olur. Onların əksəriyyəti yeniyetmə və gənclərdir. Bu, güləşə marağın göstəricisidir”.

İlkin mərhələdə, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 80-ə yaxın güləşçinin seçildiyini bildirən vitse-prezident, güləşçilərin Federasiya tərəfindən bütün lazımi şəraitlə təmin olunaraq Bakıda təlim-məşq toplanışlarına cəlb olunacağını və yığma komandanın məşqçilər korpusunun nəzarətində hazırlıq keçəcəyini vurğulayıb.

Qeyd edək ki, bölgələrdən seçilmiş sərbəst güləş üzrə 40-a yaxın kiçik yaşlı yeniyetmənin iştirak etdiyi ilk təlim-məşq toplanışı iyulun 24-dən başlayıb və ayın 31-dək Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilir.

Bölgələrdən seçilmiş yunan-Roma güləşi üzrə 40-a yaxın kiçik yaşlı yeniyetmənin ilk təlim-məşq toplanışı isə 11-19 avqust tarixlərində gerçəkləşəcək.

Xəbər 1331 dəfə oxundu.