Azərbaycan UEFA reytinqindəki mövqeyini qorudu
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyində heç bir dəyişiklik baş verməyib.

Ölkəmiz reytinqdə 30-cu pillədəki mövqeyini qoruyub.

Ötən gün "Makkabi" (Hayfa) klubuna 0:8 hesabı ilə uduzan "Xəzər Lənkəran" turnirlə xalsız vidalaşıb. "İnter" evdə "Tromse"yə 1:0 qalib gəlsə də, bu, növbəti mərhələ üçün yetərli olmayıb. Lakin səfərdə "Piast"la 2:2 bərabərə qalan "Qarabağ" növbəti mərhələyə adlayıb.

"Xəzər Lənkəran"dan fərqli olaraq "İnter" və "Qarabağ" ölkəmizin reytinqinə xal yazdırıblar. Belə ki, "İnter" qələbə sayəsində Azərbaycanın reytinqinə əlavə 0,250 xal, "Qarabağ" isə bu mövsüm ilk heç-heçəsi ilə 0,125 xal yazdırmış olub.

Bu mövsüm Azərbaycan UEFA-da 2.000 reytinq xalı qazanıb ki, bunun da 0.875 xalı "Qarabağ"ın, 0.625 xalı "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın və nəhayət 0.125 xal "Neftçi"nin payına düşür.

Qeyd edək ki, qrup mərhələsinə kimi qazanılan hər qələbə ölkəyə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır.

Xəbər 918 dəfə oxundu.