Azərbaycanın birinci xanımı Fransanın idman naziri ilə görüşüb

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iyulun 19-da Parisdə Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ilə görüşüb.
Görüşdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məsələlər müzakirə edilib. Fransanın idman, gənclər, xalq təhsili və ictimai məsələlər üzrə naziri xanım Valeri Firneyron ölkəsinin bu oyunların təşkil olunmasında öz təcrübəsini bölüşmək niyyətini bildirib, Fransa şirkətlərinin oyunlara hazırlıq prosesində iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlara hazırlıq işlərinin fəal şəkildə aparıldığını, qarşıda duran məsələlərin həlli istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq qeyd edib ki, idman ölkəsi kimi tanınan Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə ilkin olmaq vəzifəsini layiqincə yerinə yetirəcək və Oyunları yüksək səviyyədə keçirəcək. Mehriban xanım Əliyeva oyunlara hazırlıq prosesində Fransa şirkətləri ilə birgə əməkdaşlıq təklifini müsbət qiymətləndirib.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə etmək üçün sentyabr ayında Bakıda Fransanın İdman, Gənclər, Xalq təhsili və İctimai məsələlər üzrə Nazirliyinin, Fransanın Olimpiya Komitəsi və Fransa şirkətlərinin iştirakı ilə birgə seminarın keçirilməsi barədə razılığa gəlinib.
Sonda işçi nahar verilib.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbər 2918 dəfə oxundu.