Elxan Məmmədov: “Foqtsla isə müqaviləmiz bu ilin axırınadəkdir”
Yaxın vaxtlarda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərin axtarışlarına başlanılacaq. Bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

O, bildirib ki, namizədlərin yekun siyahısı yaxın aylarda müəyyənləşəcək. Hazırkı baş məşqçi Berti Foqtsun millimizdə qalıb-qalmayacağı isə onunla danışıqların gedişindən asılı olacaq: “2014-cü il dünya çempionatının seçmə mərhələsinin sonunadək 3 oyunumuz qalır. Foqtsla isə müqaviləmiz bu ilin axırınadəkdir. Onunla əməkdaşlıq şərtlərimizi və digər variantları nəzərdən keçirəcəyimizi özünə də bildirəcəyik. Eyni zamanda, cari seçmə tsikldə yığmamızın oyunları ilə bağlı hesabat hazırlanaraq, AFFA İcraiyyə Komitəsinə təqdim olunacaq”.


E. Məmmədovun AFFA prezidenti Rövnəq Abdullayevin ötən il hələ gənc saydığı Qurban Qurbanovun yığmamızın baş məşqçi postuna mümkün namizədliyinə də toxunub: “Rövnəq müəllim həmin vaxt bu suala çox səmimi cavab vermişdi. Əgər Qurbanovun da namizəd olduğunu açıqlasaq, digər yerli mütəxəssislər deyə bilərlər ki, məgər biz ondan gəncik. Ona görə də konkret ad açıqlamaq istəməzdim. Namizəd siyahımız hazır olduqdan sonra yekun qərar verəcəyik”.

Qeyd edək ki, Berti Foqts Azərbaycan milli komandasına 2008-ci ilin aprelindən başçılıq edir. Onun rəhbərliyi altında yığmamız 2014-cü il dünya çempionatının seçmə mərhələsində 7 oyunda 1 qələbə də qazanmayıb və cəmi 4 heç-heçə ilə kifayətlənib.

Xəbər 709 dəfə oxundu.