Finlandiyada “Azərbaycan gecəsi”
Səmti Müəyyən Etmə İdman növü üzrə Finlandiyada keçirilmiş dünya çempionatının gedişatında Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımovun təşkilatçılığı ilə “Azərbaycan gecəsi” təşkil olunub. İdman.com.az saytı xəbər verir ki, həmin tədbirə İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı, dünya çempionatında iştirak edən bütün komandaların federasiya prezidentləri, vitse-prezidentləri, baş məşqçilər, çempionatda fərqlənən idmançılar və eləcə də bu idman növünün veteranları təşrif buyurublar. Təxminən 90 nəfərə qədər qonağın da iştirak etdiyi gecə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Bundan sonra AR SMEİF-in prezidenti Mirəli Kazımov gecədə iştirak edən bütün qonaqları salamlayıb. Öz çıxışında federasiya prezidenti qonaqlara Azərbaycan haqqında eləcə də bu idman növünün ölkəmizdə inkişafı haqqında məlumat verib, bundan başqa ölkə başçısı, cənab İlham Əliyev tərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi idmana da göstərdiyi diqqət və qayğını qonaqlarını diqqətinə çatdırıb. Federasiya prezidentinin çıxışından sonra Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında qısametrajlı film nümayiş etdirilib. Film bütün qonaqlar tərəfindən böyük alqışlarla qarşılanıb.

İOF rəsmiləri dövlət tərəfindən göstərilən böyük diqqət və dətək sayəsində bu idman növünün Azərbaycanda son iki il ərzində dinamika ilə inkişaf etdiyini xüsusi vurğulanıb, federasiyanın cavan olmasına baxmayaraq qısa müddət ərzində həyata keçirilmiş layihələr, turnirlər, səmti müəyyən etmənin xüsusi olaraq gənclər arasında yayılmasına istiqamətləndirilmiş tədbirləri, görülmüş işləri müsbət dəyərləndirib, digər ölkələrin federasiya nümayəndələrinə bir nümunə kimi tövsiyyə olunub. Bu fürsətdən istifadə edərək sonda İOF prezidenti hamını dost Azərbaycana dəvət etdi və öz nümayəndələri ilə birgə gələn il Azərbaycanda toplantı keçirilməsi barədə bildirib.

Çıxışdan sonra may ayında Azərbaycanda keçirilmiş Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışı haqqında videorolik nümayiş etdirilib. Bu videoçarxdan dərhal sonra, sözügedən kubok yarışında iştirak etmiş İOF prezidentinin xüsusi nümayəndəsi Tatayana Kalendaroğlu və eləcə də Rusiya SMEF-in nümayəndəsi Aleksandr Trempoltsev öz çıxışlarında Azərbaycanda təşkil olunmuş Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok yarışının yüksək səviyyədə keçdiyini bildirməklə yanaşı Azərbaycanın təbiəti, mətbəxi, insanların qonaqpərvərliyi haqqında da qonaqlara məlumat veriblər.

Çıxışların sonunda AR SMEF-in prezidenti Mirəli Kazımov və İOF-un prezidenti Brian Porteos ilə birlikdə üzərində Azərbaycan bayrağı və “Welcome to Azerbaijan” yazılmış tortu kəsiblər. Bundan sonra milli musiqi altında qonaqlar ziyafətə dəvət olunub.

Tədbirin gedişində İtaliya, Fransa, Kanada, Almaniya, Estoniya, Rusiya və digər ölkələrin federasiya prezidentləri, Avropa İşçi Qrupunun üzvləri bu gecəyə görə öz təşəkkürlərini bildirməklə yanaşı belə bir səmimi, unudulmaz gecədə heç zaman olmadıqlarını qeyd ediblər. Rusiya Federasiyasının vitse-prezidenti eləcə də Avropa İşçi Qrupunun nümayəndəsi Aleksandr Kuzmin isə həmin yarışda Rusiya komandasının əldə etdiyi qızıl medalı Azərbaycan gecəsinə həsr etdiyini bildirib.

Sonda onu da qeyd edək ki, federasiyamız bu bu tədbirə böyük hazırlıq ilə qatılıb. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mətbəxi, təbiəti haqqında 120 ədəd kitab, 100 ədəd Azərbaycan haqqında xüsusi disk, eləcə də, Azərbaycanı və Bakını özündə əks etdirən rəsmlər, suvenirlər, milli xalçalar, tar-kaman, Azərbaycan şərabları və konyaklar bütün qonaqlara hədiyyə olunub.

Xəbər 2282 dəfə oxundu.