Hicablı qadınlar Londonda da yarışacaqlar!
Malayziyanın Penanq şəhərində gənc ağırlıqqaldıranlar arasında dünya birinciliyi keçirilib. Bu yarışda ölkəmizi 2 idmançı – Nailxan Nəbiyev (85 kq) və Orxan Əliquluzadə (94 kq) təmsil ediblər. Gərgin mübarizədə atletlərimiz mükafatçılar sırasına düşməyiblər. Adıçəkilən çempionatla bərabər, Beynəlxalq Ağıqlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin toplantısı təşkil olunub. Tədbirə 70-ə yaxın ölkənin nümayəndələri qatılıblar. Biz tərəfdən bu iclasda Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov iştirak edib. İdman.com.az saytına açıqlamasında o bildirib ki, yığıncaqda bir sıra mühüm məsələlər müzakirə olunub. Ən maraqlısı isə, İslam şəriət qanunları ilə idarə olunan ölkələrdə qadın ağırlıqqaldıranların xüsusi geyimlərdə yarışlarda iştirakına icazə verilməsidir: «Toplantıda qərar qəbul olundu ki, istənilən müsəlman qadın ağırlıqqaldıran hicabla və bədəni görünməyən özəl idman geyimində yarışda mübarizə apara bilər. Yeni qaydalar London Yay Olimpiya Oyunlarına da şamil olundu. Demək, bu növdə xanım idmançılar arasında da olimpiadaya lisenziya qazanılmasında gərgin rəqabət gedəcək. Beynəlxalq Ağıqlıqqaldırma Federasiyasının iclasında başqa təkliflər də nəzərdən keçirildi. Bu, idmançıların səhnəyə çıxarkən biləklərinə və dizlərinə xüsusi rezin ləvazımatları bağlamasına icazənin verilməsi idi».

Kamran HACI

Xəbər 1570 dəfə oxundu.