Oğuz yurdunun ağ mərmər günəşi
5-ci Asiya oyunları Aşqabadda keçiriləcək
Türkmənistan paytaxtı ən çox ağ mərmər binası, ən çox fəvvarəsi olan şəhər kimi Ginnesin «Rekordlar» kitabına düşüb

Qapalı arenalarda döyüş sənəti üzrə 5-ci Asiya oyunları 2017-ci ildə Türkmənistan paytaxti Aşqabadda keçiriləcək. İyulun əvvəlində Koreyada təşkil olunmuş eyni tədbirdə, ev sahibi olimpiadanın bayrağını Xəzər sahili dövlətə təqdim edib. Əlamətdar hadisə Türkmənistanda böyük cöşqu ilə qarşılanıb. Ayın 7-nə nəzərdə tutulan açılış mərasiminə yüksək səviyyədə hazırlıq işləri gedir.
Bu tədbiri işıqlandırmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları dəvət olunmuşdular. Azərbaycanı həmin toplantıda Gənclər və İdman Nazirliyinin rəsmi orqanı «İdman» təmsil etdi.

Xəyalımda qurduğum niyyətə görə, bu tezliklə Aşqabada səfər edəcəyim ağlıma belə gəlmirdi. Düzdür, inanırdım ki, nə vaxtsa buralarda olaram. Amma… Hər şey birdən oldu və Allahın hər şeyə qadir olduğuna bir daha əmin oldum.
İyulun 6-sı idi. Motorlu qayıq üzrə Formula-2 yarışlarını işıqlandırmaq üçün Bakı Biznes Mərkəzinə yollanmışdım. Birdən zəng gəldi. Nömrəyə baxanda gördüm ki, əvvəlində Rusiya kodu var. Mobil telefonu açdım. Zəng vuran baş redaktor idi. O, Kazanda keçirilən Tələbələrin Dünya Universiadasında Azərbaycan nümayəndə heyətində təmsil olunurdu. Dedi ki, Türkmənistanda tədbir var, onu işıqlandırmaq lazımdır və bunun üçün Gənclər və İdman Nazirliyinin xarici məsələlər üzrə şöbə müdiri İlham Mədətovla əlaqə saxlayım. Elə də etdim. İlham müəllim təfərrüatları anlatdı. Türkmənistanın ölkəmizdəki səfirliyi ilə telefon əlaqəsi qurub, lazımi sənədləri oranın əməkdaşı Arzu Nurullayevaya göndərdim. Elə həmin gün axşam Aşqabada səfər üçün Heydər Əliyev adına aeroporta yola düşdüm. Oraya səfirin birinci katibinin xidməti avtomobili ilə getdik. Onunla söhbət edə-edə Türkmənistan haqda əlavə bilgilər aldım. Məsafə yaxın idi: təyyarə ilə 1 saat 10 dəqiqə. Xəzər dənizini keçirsən, vəssəlam. Kapetdağ görünəndə artıq bilirsən ki, Aşqabaddasan. Türkmənistana Azərbaycandan təyyarə gündə bir dəfə uçur. O da yerli AzAL-ın deyil, Almaniyanın «Lufthanza» şirkətinin hava gəmiləri. Ən müasir avadanlıqla təhciz olunmuş “boinq” 5 sərnişin salonundan ibarətdir. İlk dəfə belə böyük təyyarə ilə getdim. Əyləşdiyim sonuncu salonun hər cərgəsində 8 oturacaq vardı. Qərbi avropalılar biz müsəlmanların donuz əti yemədiyini bildiklərindən, yolda bizə verilən yemək də bu ev heyvanının ətindən istifadə etməmişdilər.

Səfərmurad Türkmənbaşı adına beynəlxalq hava limanında bizi xüsusi nümayəndə qarşıladı. Bu arada diqqətimi bir şüa cəlb etdi: XXI əsr türkmənin qızıl əsridir. Sonradan hörmətli səfirimiz Vəhdət Sultanzadə sonra mənə anlatdı ki, türkmənlər artıq özlərini o mərhələni arxada qoymuş sayırlar və indi «Qüdrət və xoşbəxtlik» dövründə olduqlarını deyirlər.
Bizi son ilyarımda istifadəyə verilmiş 5-ulduzlu «Aşqabad» mehmanxanasında yerləşdirdilər. Hotel tədbirin keçiriləcəyi məkana – paytaxtın adını daşıyan stadiona yaxın ərazədə idi. 14-cü qatda qaldığımdan, şəhəri yaxşıca seyr edə bilirdim. Bəli, Aşqabad haqqında eşitdiyim, oxuduğum dönəmdəm çox dəyişmiş, inkişaf etmişdi.

Günorta Xarici İşlər Nazirliyinin nümayəndəsi bizi şəhərlə tanış etdi. Hava isti olsa da, bilmirəm Bakının istisinə öyrəşdim üçün, ya hərarətə dözümüm olduğundan, özümü narahat hiss etmədim. Qısa vaxt ərzində Səadət Sarayı, Bayraq Meydanı, Türkmənbaşı Movzoleyi, Aşqabad Muzeyi ilə tanış olduq. Elə bil, şəhər büsbütün ağ mərmərə bürünüb. Paytaxt ən çox ağ mərmər binası, ən çox fəvvarəsi olan şəhər kimi Ginnesin «Rekordlar» kitabına düşüb. Bələdçimiz anlatdı ki, hökumət dövlət qulluğunda çalışan vətəndaşlarına bu ağ mərmər binalarda yaşamağa hər şərait yaradıb. Pulun yarısını bəri başdan dövlət, yarısını isə 30 ilə mənzil sahibi ödəyir. İlk hündür (132 metr) Bayraq Meydanı da Aşqabadda olub. Sonradan Bakı ucalıqda onu 3 metr üstələyib. Əldə etdiyim məlumata görə, Türkmənistan höküməti yaxın gələcəkdə 250 metr hündürlükdə yeni Bayraq Meydanı inşa etmək niyyətindədir ki, bir daha onları ötən olmasın. İndiki meydana gəldikdə, gözəlliyinə görə bizim paytaxtdakından geri qalır. Amma Aşqabadın küçələri çox enli və təmizdir. Şəhərin avtobus dayanacaqları günün istisindən, qışın soyuğundan daldalanmaq üçün gözəl yerdir. Qadınları yalnız milli geyimdə gördüm. Bu, adamda xoş ovqat yaradır. Anlayırsan ki, bir türk məmləkətindəsən. Atçılığın orada milli, aparıcı idman növü sayılması da əbəs deyil.

Anadolu, bizim kimi, türkün Oğuz boyuna mənsub Türkmənistanla rəsmi yazışmada latın əlifbasından istifadə olunur. Bu üzdən, yerli qəzetləri oxuyub-anlamaqda bizlər üçün heç bir çətinlik yoxdur.
Dövlət əhalinin rifahı üçün xeyli güzəştlər edib: kommunal xərclər məcazi qiymətlərlədir; ildə hər avtomobilə 1440 litr pulsuz benzin verilir. Orta əmək haqqı 150-200 ABŞ dolları təşkil edir. Türkmənistanda cərimələr yüksək olduğundan, hamı maşın sürəndə diqqətlidir.
Saat 19-00-da tədbirin açılışına start verildi. Mərasimin keçirildiyi «Aşqabad» stadionuna ölkə başçısı Qurbanqulu Berdımühəmmədov da təşrif buyurmuşdu. Asiya Oyunları bayrağının Səfərmurad Türkmənbaşı adına aeroportdan «Aşqabad» arenasına gətirilməsi dövlət televiziyası vasitəsilə canlı yayımlandı.

Asiya Oyunlarının bayrağı meydana Koreyada keçirilmiş analoji yarışda fərqlənmiş idmançıların müşayiəti ilə gətirildi. O, Türkmənistan bayrağı ilə yanaşı qaldırıldıqdan sonra, dövlət himni səsləndi; baş nazirin idman, turizm, təhsil və tibb üzrə müavini Səfərdurdu Poyliyev ölkə başçısı Qurbanqulu Berdımühəmmədovun təbrik məkbunu oxudu. Sonra tədbir konsert proqramı ilə davam etdi.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə «İdman» qəzetinə bildirdi ki, rəsmi Aşqabad bu tədbirə yüksək önəm verir. Sitat: «5-ci Asiya oyunlarına ciddi hazırlıq gedəcək. Yeni idman qurğularının tikilməsi üçün böyük vəsait ayrılıb. Əminəm ki, sözü gedən tədbir yüksək səviyyədə təşkil olunacaq və Türkmənistan idmançılarının uğurlu çıxışları ilə yadda qalacaq».

Axşam bizə xüsüsi ayrılmış məkanda şam yeməyi verdilər. Hotelə qayıdanda artıq tələsidim. Çunki gecə Vətənə dönməli idim. Orada yeni tanış olduğum həmkarlarımla sağollaşıb, öz otağıma qalxdım. Namazdan sonra yır-yığış etdim. Foyedə məni nümayəndə gözləyirdi. Onun müşayiəti ilə hava limanına yollandım. Rahat getdiyim kimi, rahat da qayıtdım. Səhər yenə iş başındaydım. Yeni mövzular düşüncəsi, yeni səfərlər arzusu ilə.

Kamran Hacı

Xəbər 3224 dəfə oxundu.