Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edilsin.
2. Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
3.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etsin;
3.2. Kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görsün;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2011-ci il.

Xəbər 1822 dəfə oxundu.