Bu «Qızıl qran pri» «qızıl hərflər»lə yazıldı
Hər ilin yayında olduğu kimi, bu dəfə də dünyanın reytinqli ölkələrinin pəhləvanları Bakıya toplaşdılar.
İyulun 8-dən 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində FİLA-nın yeni mövsüm "Qızıl qran-pri"sinin final mərhələsi keçirildi. 2006-cı ildən startı verilən "böyük mükafat" yarışları artıq 4 ildir ümummilli liderin xatirəsinə təşkil edilir və dünya güləş təşkilatının qərarına əsasən, onun həlledici mübarizəsinin ev sahibi məhz Azərbaycandır.
Mötəbər yarışda 34 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparıb. İlk gündə «sərbəstlər», sonra qadınlar, daha sonra yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyənləşdiriblər.

«Ölkəmizdə idman sürətlə inkişaf edir»

Tədbir başlamamışdan öncə, FİLA rəsmiləri, Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri, turnir iştirakçıları və qonaqlar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib, onun önünə əklil qoyublar. Sonra görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın məzarı önünə gül dəstələri düzülüb.
Yarışın ilk günündə açılış mərasimi keçirilib. FİLA prezidenti Rafael Martinetti, Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl qran pri» turnirinin rəhbərlik etdiyi beynəlxalq qurumun təqvim planında önəmli yer tutduğunu bildirib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür edib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir:
- Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il güləşçilərimiz dünya kuboku və Avropa çempionatında böyük uğurlar qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
AGF prezidenti Fazil Məmmədov son illər Azərbaycanda bir çox mötəbər idman yarışlarının təşkil edilməsindən danışıb. O vurğulayıb ki, «Qızıl qran pri» turnirinin ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsi, onun ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafındakı müstəsna xidmətlərinin heç vaxt unudulmadığını göstərir.


Əhəmiyyət və rol get-gedə artır

Bu yarışların əhəmiyyəti və rolu get-gedə artmaqdadır. Çunki ilin «ən yaxşılar»ı seçiləndə, güləşçinin mövsümdə göstərdiyi nəticələri hesablanır. Belədə, olimpiya oyunları və dünya çempionatından sonra yüksək xalları «Qızıl qran pri»nin final mərhələsi verir: Olimpiadada ilk 3 yerə görə xallar 12, 11 və 10-dur. Dünya çempionatında fəxri kürsünün ilk 3 pilləsinin reytinq qiyməti 11, 10 və 9; "Qızıl qran-pri"də 10, 9, 8; qitə çempionatlarında isə 9, 8, 7-dir.
Elə buna görə, dünyanın aparıcı pəhləvanları paytaxtımızda öz məharətlərini göstərməkdə maraqlıdırlar. Baxmayaraq ki, yayın ən qızmar ayı onların öz ustalıqarını tam nümayiş etdirməsinə imkan vermir. Milli komandamızın lideri Mariya Stadnik «İdman»a açıqlamasında deyib ki, onun məqsədi qadın güləşçilər arasında ilin «ən yaxşısı» olmaqdır:
- Apreldə Almaniyanın Dortmund şəhərində keçirilmiş Avropa çempionatında baş mükafata sahib çıxdım. «Qızıl qran pri»də qalib olmaqla, xal ehtiyatımı bir qədər də artırdım. İndi hədəfim sentyabrda İstanbulda təşkil ediləcək dünya çempionatıdır. Həmin mötəbər yarışda da fəxri kürsünün ən yüksək pilləsinə çıxmaqla, bu istəyimi gerçəkləşdirə bilərəm.
«Qızıl qran pri»də fərqlənənlər reytinq xalı qazanmaqla bərabər, həm də yüksək pul mükafatına sahib çıxırlar. İlk 3 yeri tutmuş idmançılar müvafiq olaraq 10000, 5000 və 2000 ABŞ dolları əldə edirlər ki, bu da fərdi idman növçülüyündə kifayət qədər sanballı pul mükafatıdır.


Əvəzolunmaz təsir gücü var

Bütün qeyd olunanlarla yanaşı, yarışın ölkəmiz üçün də əhəmiyyətini vurğulamalıyıq. Azərbaycanda güləşin dayaqlarının möhkəmlənməsi, tarixi ənənələrin daha böyük miqyasda canlanması, irsiyyətin qorunması, yeni güləşçi nəslinin yetişməsi, püxtələşməsi və böyük yarış təcrübəsi toplaması, bir sözlə, inkişaf baxımından «Qızıl qran pri»nin əvəzolunmaz təsir gücü var. Bu yarış həm də təşkilatçılıq baxımından ölkə idmanında xüsusi yer tutur.
Nəticələrə gəldikdə, ilk gündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz bu yarışın tarixində 1-ci dəfə ən yüksək uğura nail oldular. Azarkeşlər 7 çəki dərəcəsinin 6-sında Azərbaycan pəhləvanlarının final mübarizəsinə şahidlik etdilər ki, bunların da 5-i bizi qələbəmizlə yekunlaşdı. Qızıl medalları Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) qazandılar. Gümüş mükafatlar Ağahüseyn Mustafayev (60 kq) və Əşrəf Əliyevə (74 kq) qismət oldu. Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) və Camaləddin Məhəmmədov (120 kq) fəxri kürsünün3-cü pilləsinə qalxdılar.
İyulun 9-da güləş xalçası üzərinə xanım pəhləvanlar çıxdılar. 2 təmsilçimiz -Mariya Stadnik (48 kq) və Sona Əhmədli (59 kq) bütün rəqiblərini məyus etdilər. Gözəl Zutova (63 kq) gümüş, Yuliya Radkeviç (55 kq), Olesiya Zamula (59 kq), Nataliya Palamarçuk və Zümrüd Qurbanhacıyeva (hər ikisi - 67 kq) bürünc medala sahib oldular.
Yarışın son günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz özünəməxsus uğura imza atıblar. Belə ki, 55 kq-da güləşən 4 pəhləvanımız medalları öz aralarında bölüşdürüblər. Bu, sözügedən yarışda 1-ci belə uğurdur. Konkret nəticəyə gəldikdə, Rövşən Bayramov finalda Taleh Məmmədova qalib gəlib. Orxan Əhmədovla Eldəniz Əzizli 3-cü yeri tutublar.
60 kq-da Həsən Əliyev bütün rəqiblərini üstələyib. Elvin Mürsəliyev (74 kq) və Saman Təhmasibi (84 kq) yalnız finalda uduzublar. Pekin olimpiadasının gümüş medalçısı Vitali Rəhimov (66 kq) bu dəfə «bürünc»lə kifayətlənib.
Beləcə, gərgin görüşlərin getdiyi, ənənələri yaranmış və müqayisəli təhlil üçün əməli nəticələri olan daha bir yarışı başa vurduq. Onun yekunları isə həm də federasiyanın son bir ildə fərqli sahələrdə həyata keçirdiyi yeniliklərin də süzgəcindən ələyərək, vahid mənzərəni yaratmağa kömək edəcək.

Kamran HACI

Xəbər 1610 dəfə oxundu.