Yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
Makedoniyanın Skopye şəhərində keçirilən gənclər arasında Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Komandanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, idman azarkeşləri və media nümayəndələri qarşılaşıblar.

AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qazanılan qələbə münasibətilə bütün komanda üzvlərini təbrik etmiş, onlara növbəti yarışlarda uğurlar arzulamışdır. Bildirmişdir ki, ötən il gənclərin Avropa çempionatında ikinci, dünya çempionatında birinci olan komanda üzvlərinin əksəriyyətinin bu il böyüklər arasında mübarizə aparır. AGF rəhbərliyi tərəfindən diqqətdə saxlanılan “Yeniyetmə güləşçilərin inkişafı Proqramı” artıq öz bəhrəsini verir. Gənclər komandası demək olar ki, tam yenidən formalaşdırılmışdır. Ona görə də əldə olunan bu uğuru yüksək qiymətləndiririk.

Yığma komandanın böyük məşqçisi Şaban Donat yaxşı hazırlıq prosesi keçdiklərini və çempionata ciddi hazırlaşdıqlarını bildirmişdir. Komanda hesabında ikinci nəticə göstərdiklərinə görə, bütün güləşçilərə təşəkkür edən böyük məşqçi qarşıdan gələn dünya çempionatında da bu uğuru ən azı təkrarlamaq istədiklərini qeyd edib.

Qeyd edək ki, ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında 52 xalla ikinci olublar.

Xəbər 796 dəfə oxundu.