Bakıdan Londona 24 lisenziya

Olimpiadada taekvondoçularımız da yarışacaqlar

İyunun 30-da Bakıda 2012-ci il taekvondo üzrə lisenziyalı xarakterli dünya təsnifat turnirinə start verilib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilən təntənəli açılış mərasimində Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Vo Ço turnirin yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib, gənc taekvondoçulara idman uğurları arzulayıb. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənə halı aldığını, respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayıb. Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanıb. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.
Andiçmə mərasimindən və Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib. Yarışlara gəlincə, dördgünlük turnirdə 8 çəki dərəcəsində - qadınlar arasında 49, 57 və 67 və 67 kq-dan yuxarı, kişilər arasında 58,68, 80 və 80 kq-dən yuxarı çəkidə 24 lisenziya uğrunda mübarizə aparırlar. İlk üç yeri tutan idmançılar London Olimpiadasına lisenziya qazanırlar.
Qadınlar arasında 67 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Fəridə Əzizova uğurla yarışaraq turnirin gümüş medalını və London Olimpiya Oyunlarına vəsiqə qazanıb. Fəridə yalnız finalda, koreyalı Mi-Kuinq Kimə məğlub olub. İyulun 1-də Elvin Məmmədov (68 kq) 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb.
Digər taekvondoçularımız - Ramin Əzizov (80 kq) iyulun 2-də, Günay Ağakişiyeva (57 kq) iyulun 3-də mübarizəyə qoşulacaqlar.

Xəbər 1115 dəfə oxundu.