Pantiç: Azərbaycan futbolunun böyük gələcəyi var
“Bakıda olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Çünki böyük bir komandaya gəldiyimi yaxşı bilirəm və bunun məsuliyyətini dərk edirəm”. - bu sözləri “Bakı” futbol klubunun yeni baş məşqçisi Milinko Pantiç deyib.

Bildirib ki, mənə bəslənən böyük ümidləri doğrultmaq üçün əlimdən gələni etməyə hazıram. İlk növbədə klubun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm. Düzünü deyim ki, bu arada bir çox adlı-sanlı klublardan təklif almışdım. Ancaq “Bakı”nı seçdim. Bunun da səbəbi vardır. İlk olaraq klubun hədəfləri və şərtləri ilə maraqlandım. Araşdırmalarım nəticəsində bu fikrə gəldim ki, Azərbaycan futbolunun böyük gələcəyi vardır. Ona görə də, məhz, “Bakı”dan gələn təklifi dəyərləndirdim. Böyük ölkələri təmsil edən klublardan təkliflər var idi. Ancaq ciddi seçim edərək “Bakı”da çalışmaq arzusunda olduğumu bildirdim.

Buradakı fəaliyyətimi uzunmüddətli təsəvvür edirəm. Görüləcək çox işlər vardır. İlk olaraq klubun sistemini nizamlamaq lazım gələcəkdir. Eyni zamanda, çalışacağam ki, yerli futbolçuların inkişafına xüsusi diqqət yetirim. Mənim tərcümeyi-halımla tanışsınızsa, görərsiniz ki, həyatım futbolla bağlıdır. Gənc yaşlarından bu sahədə fəaliyyət göstərirəm. Məşqçilik sahəsində də kifayət qədər təcrübə toplamışam.
M.Pantiç vurğulamışdır ki, yeni klubumun şərtləri ilə bərabər özüm də qarşıma məqsəd qoymuşam. Zəhməti xoşlayan adamam və həmişə məqsədlərimə çatan insanam. Fəaliyyətimi rəqabət üzərində qururam. Rəqabət inkişafa aparan ən yaxın yoldur. İndi komandamız elə durumdadır ki, mənə tək məşqçi heyəti yox, futbolçular da kömək etməlidirlər. İlkin olaraq çalışacağam ki, kluba dəvət etdiyim yeni məşqçilər yerli şəraitə tez uyğunlaşsınlar.

Xəbər 752 dəfə oxundu.