Dmitri Marşin: “Bu hələ başlanğıcdır”

London Olimpiadasına ilk lisenziyamızı qazanan Dmitri Marşin hazırda Minsk şəhərindədir. Lakin buna baxmayaraq, idmançı Belarusdakı həmkarımız vasitəsilə suallarımızı cavablandırıb.


- Azərbaycan idmançıları arasında ilk lisenziyanın sahibi olduğun üçün səni təbrik edirik.

- Çox sağ olun. Azərbaycana Olimpiya lisenziyası qazandırdığım üçün fəxr edirəm. Amma bu hələ başlanğıcdır. Qarşıda bizi məsuliyyətli olimpiyaqabağı il və Londonda iştirak gözləyir. Federasiya rəhbərliyi və yığma komandanın məşqçilərinin mənə inamı böyükdür və onlar hər bir məsələdə mənə kömək edirlər. Buna görə də onların etimadını doğrultmağa və 2012-ci il Olimpiadasında layiqincə çıxış etməyə çalışacağam.

- Bəs Olimpiadaya hazırlığı harada keçəcəksən?

- Azərbaycanda çəkicatma üçün xüsusi yer olmadığına görə əsas hazırlığımı mənim üçün doğma olan və ailəmin yaşadığı Mogilyovda keçəcəyəm. Bundan başqa Azərbaycan yığma komandasının tərkibində təlim-məşqlərdə də iştirak edəcəyəm. Fürsətdən istifadə edərək, üzvü olduğum “Ümid” klubunun rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm.

- Azərbaycan yığmasına necə düşdün?

- Belarusda çox güclü atletika məktəbi var. Çəkicatmada da xeyli sayda yüksək səviyyəli idmançılar var və rəqabət çox böyükdür. Belarus yığmasının heyətində beynəlxalq yarışlara yollanmaq çox çətindir. Mən bir idmançı olaraq özümü doğrultmaq üçün başqa ölkənin şərəfini qorumaq imkanı axtarırdım. Və dərhal Azərbaycanı seçdim. Çünki Azərbaycan da SSRİ tərkibində olub və bu isə o deməkdir ki, adaptasiya problemi olmayacaq. Bilirdim ki, zəngin mədəniyyət və tarixi ənənələri olan müsəlman ölkəsidir. Qonaqpərvər və mehriban xalq olduğunu da eşitmişdim. Çox şadam ki, düzgün seçim etmişəm.

- Bakıda neçə dəfə olmusan?

- Bakıya böyük həvəslə və tez-tez gəlirəm. Şəhər günbəgün dəyişilir, gözəlləşir. Mən Fəvvarələr meydanında və Dənizkənarı bulvarda gəzməyi xoşlayıram. Ailəmi – həyat yoldaşımı və qızımı da buraya gətirmək, dünyanın ən gözəl və artıq mənim sevimli şəhərlərimdən biri olan Bakını onlara göstərmək istəyirəm.

Söhbətləşdi: Anastasiya Marinina
Minskdən xüsusi olaraq idman.com.az üçün

Xəbər 3061 dəfə oxundu.