Boksçularımız Ankara rinqini qələbə ilə tərk etdilər

İyunun 18-dən 24-dək Türkiyənin paytaxtı Ankarada boks üzrə Avropa çempionatı keçirilib. Azərbaycan milli komandası çempionatda uğurla çıxış edib.

49 kq çəki dərəcəsində Salman Əlizadə finalda rusiyalı Belik Qalanovla 16:14 hesabı ilə qalib gələrək qitə çempionluğuna yüksəlib.
İyunun 24-də keçirilən final qarşılaşmasında Salmandan sonra Teymur Məmmədov (91 kq) da zirvəyə yüksəlib. Teymur həlledici görüşdə bolqarıstanlı Tervel Pulevlə üz-üzə gəlib. İlk raundda 5:4 hesabı ilə qələbə qazanan boksçumuz növbəti hissədə Pulevi finala çıxmağına peşman edib – 15:7. Son raund isə keçirilməyib. Buna səbəb rəqib boksçunun məşqçisinin rinqə ağ dəsmal atması olub. O, yetirməsinin Məmmədovun zərbələri qarşısında tab gətiməməsini görərək, döyüşün vaxtından əvvəl dayandırılmasını istəyib. Nəticədə Pulev üzərində inamlı qələbə qazanan Teymur Azərbaycan yığmasının aktivinə 2-ci qızıl medalı yazdırıb.
Qeyd edək ki, 64 kq-da döyüşən Heybətulla Hacıəliyev iyunun 23-də keçirilən yarımfinal qarşılaşmasında məğlub olmaqla bürünc medala layiq görülüb.
Bununla da, Salman və Teymur 8 illik fasilədən sonra boks idman növündə Azərbaycana qızıl medal qazandırıblar. Xatırladaq ki, sonuncu dəfə 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilmiş qitə çempionatında Rövşən Hüseynov qızıl medala layiq görülmüşdü.
Beləliklə, Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan millimiz komanda hesabında Rusiyadan sonra 2-ci olub.

Xəbər 1431 dəfə oxundu.