"Neftçi" klubu sürpriz transfer gerçəkləşdirib
Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubu sürpriz transfer gerçəkləşdirib.

İdman.com.az "Futbol +" qəzetinə istinadən verdiyi məlumata görə, "ağ qaralar" Azərbaycan futbolsevərlərinin yaxından tanıdığı, "Qəbələ" klubunun sabiq qapıçısı Pavel Doroşevsi transfer edib.

Latviya millisinin qolkiperi ilə bu gün bir illik müqavilə imzalanacaq. Transferi haqda danışan Doroşevs bunları deyib: "Gizlətmirəm, elə hisslər keçiriəm ki, sözlə ifadə etmək çətindir. "Neftçi"də oynamaq mənim üçün bir yuxu idi. Bu yuxunun gerçəkləşdiyinə hələ də inana bilmirəm".

Doroşevs bildirib ki, "Neftçi"yə keçidi bir göz qırpımında baş verib: "Məni yaxından tanıyan mencerlərdən biri "Neftçi"nin qapıçıya ehtiyacı olduğunu bildirib. "Metallurq"la müqaviləm başa çatdığı üçün bakılılarla danışıqlara başladım. Bir neçə dəqiqəlik danışıqdan sonra klub rəhbərliyi ilə biz-birimizi anladıq və Avstriyaya gəldim".

Qeyd edək ki, 2009-2012-ci illərdə "Qəbələ"də çıxış edən 32 yaşlı qapıçının son klubu Latviyanın "Metallurq" (Liepaya) komandası olub.

Xəbər 925 dəfə oxundu.