Braziliya çempion oldu
Braziliyada keçirilən Konfederasiyalar Kubokuna yekun vurulub. Sayca 9-cu dəfə reallaşan yarışın son günündə azarkeşlər 2 oyuna şahidlik edib.

Əvvəlcə 3-cü yer uğrunda görüş baş tutub. Burada Cənubi Amerika çempionu Uruqvay milli komandası ilə Avro-2012-nin finalçısı İtaliya yığması münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada Apenin təmsilçisi qələbə qazanaraq, turnirin bürünc medallarına sahib olub.

Matçın əsas hissəsində tərəflər hərəyə 2 dəfə fərqləniblər. Əlavə vaxtda isə qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Burada isə baş məşqçi Çezare Prandellinin yetirmələri daha dəqiq oynayıb – 3:2.

Daha sonra “Marakana” stadionunda final oyunu keçirilib. Ev sahibi Braziliya ilə İspaniya turnirin ən güclüsü olmaq üçün üz-üzə gəlib. Görüşdə isə meydan sahibləri son dünya və Avropa çempionlarını darmadağın edib. Oyun 3:0 hesabı ilə başa çatıb. Matçda Fred dubl imza atıb. Digər qolu isə ispanların qapısından Neymar keçirib.

Xəbər 960 dəfə oxundu.