Dünya tennisinin ulduzları Bakıya gələcəklər

Onlardan Qadın Tennisçilər Assosiasiyasının reytinq siyahısında üçüncü pillədə olan rusiyalı Vera Zvonaryovanın Bakıya gələcəyi çoxdan məlum idi. Bu günlərdə V.Zvonaryovanın həmyerlisi Anastasiya Pavlyuçenkovanın da turnirə qatılacağı müəyyənləşib. Pavlyuçenko dünya reytinqində 14-cü pillədədir. Güclü iştirakçılar arasında Lüsi Safarova (Çexiya, reytinq 32-cisi), Alberta Brianti (İtaliya, 55), Yelena Dokiç (Avstraliya, 59), Sanya Mirza (Hindistan, 60) kimi tennisçilər olacaq. Yarışda iştirakını təsdiqləyən digər tennisçilər Gürcüstan, Yunanıstan, ABŞ, Hollandiya, Slovakiya, Sloveniya, Polşa, Bosniya və Herseqovina, Litva, Özbəkistan, Almaniya və s. ölkələri təmsil edirlər. Turnirdə ölkəmizin idman şərəfini güzəştli kartla 16 yaşlı Kamilla Fərhad qoruyacaq.
Turnirin püşkatması iyulun 15-də olacaq. 32 tennisçi finala 4 fəsiqə uğrunda mübarizə aparacaq.
Yarış Tennis Akademiyasının 3000 tamaşaçı tutumlu kortlarında keçiriləcək. Yarımfinala qədər bütün görüşlərə tamaşaçılar pulsuz baxa biləcəklər.
Turnir yerli və xarici ölkələrin televiziya kanallarında yayımlanacaq. Azərbaycanın "İdman" kanalında tennis turnirinin canlı yayımlanması barədə artıq qərar qəbul edilib. Turnir barədə 2 dildə (Azərbaycan və ingilis) jurnalın nəşr edilməsi də nəzərdə tutulub.

Xəbər 1341 dəfə oxundu.