Valentin Demyanenko: “Dünya çempionatında hədəfim təkcə lisenziya yox, həm də qızıl medal qazanmaqdır”
Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Azərbaycanın kanoe üzrə milli komandası tarixi uğura imza atdı. Yığmamız qitə çempionatlarına qatılmağa başladığı son 3 ildə ilk dəfə 2 qızıl, 1 gümüş medal qazanaraq, ümumi komanda hesabında qitənin ən güclüsü oldu. Hər iki qızıl medalın sahibi Valentin Demyanenko Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibə verib.

- Əvvəlcə, qazandığınız qələbələr münasibətilə Sizi təbrik edirik. Ümumiyyətlə, Avropa çempionatı necə keçdi?

- Avropa çempionatı bizim üçün əla alındı. Mən iki qızıl, komanda yoldaşlarım Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet isə gümüş medal qazandı. Bundan əlavə, Azərbaycan kanoe yığması ümumi komanda hesabında birinci yeri tutdu. Bu isə xüsusən sevindiricidir.

- Sonuncu dəfə 2009-cu ildə mötəbər yarışlarda iştirak etmiş, yalnız 200 metr məsafədə Avropa və dünya çempionu olmuşdunuz. Amma bu dəfə 200 metrlə yanaşı, 500 metr məsafəyə yürüşdə də qitənin ən güclüsü oldunuz. Bu dəfəki Avropa çempionatında ikiqat uğurunuzun sirri nədədir?

- Şübhəsiz ki, bu, şəxsi məşqçi amili ilə bağlıdır. Bu ildən Anatoli Dudnik hazırlıq prosesində mənə yaxından kömək edir. Əvvəllər də 200 metr məsafəyə yürüşlərdə yaxşı nəticələr göstərirdim. Amma 500 metr məsafədə də birinci olmağım məhz birgə əməyimizin nəticəsidir.
- Avqustda Macarıstanın Seqed şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Həmin yarışa hazırlıq planınız necədir?

- Buradan Polşanın paytaxtı Varşavaya qayıdırıq. Dünya çempionatına Varşava yaxınlığındakı Ostrudada şəhərindəki bazada hazırlaşacağıq.

- Macarıstana yalnız lisenziya, yoxsa həm də medal dalınca yollanacaqsınız?

- Dünyanın hər bir idmançısı qızıl medal arzusundadır. Bu baxımdan, növbəti hədəfim dünya çempionluğudur.

- Kanoedə bir nəfərlik qayıqla yürüşlərdə olimpiya məsafəsi 200 metr sayılır. Həmin məsafədə əsas rəqib qismində kimi görürsünüz?

- Onların sayı bir deyil. Ən azı 9 nəfərdir.

- Yəqin ki, əldə etdiyiniz uğurlar Sizdə gələcək çıxışlarınız üçün müəyyən rəy formalaşdırıb. Deyə bilərsinizmi ki, olimpiadaya lisenziya artıq cibinizdədir?

- Xeyr, belə demək olmaz. Gələcəkdə nələrin baş verəcəyini bir Allah bilir. Artıq hər şey keçmişdə qalıb. Dünya çempionatına hamı “ağ kağız”dan və heç bir rəysiz başlayır.

- Siz ikiqat dünya və üçqat Avropa çempionusunuz. Özünüzü dünyanın ən güclü kanoeçisi sayırsınız?

- Hələlik yox. Amma hər şey yenicə başlayır.

Xəbər 1354 dəfə oxundu.