İngiltərə teleyayımında çevriliş
İngiltərədə futbol teleyayımında çevriliş etməyə hazırlaşırlar. İdman.com.az saytının məlumatına görə, Dumanlı albionlular artıq futbol oyunlarını okeanın o tayında hokkey, basketbol yarışları kimi rəngarəng yayımlamağı və telekameralar vasitəsilə tamaşaçıları oyunçulara daha çaxın etməyi düşünürlər. Premyer Liqa artıq çoxdandı ki, televiziya yayımında Avropada 1 nömrədir.

Ölkə çempionatı Liqa telekanallarla müqavilə əsasında milyardlarla funt qazanır. Hələ Çempionlar Liqası da İngiltərə ilə telemüqavilələr sahəsində rəqabət apara bilməz. Bununla belə, ingilis futbol yayımı köhnə ənənələrə çox söykənir. Amerikada isə tam əksidir. Orada hokkey, amerikan futbolu planında çoxdan irəli gedilib. Əsasən də oyunçuların «bədəninə» yaxınlıq vasitəsi ilə. Əgər ABŞ-da idmançıların soyunub-geyinmə otağına telekameralarla buraxırlarsa, Avropada, xüsusən də İngiltərədə bu, qeyri-mümkündür.

Futbolçuların TV-də müsahibəsi məhduddu. Bu müsahibələr adətən oyundan sonra sponsorların emblemləri əks olunan xüsusi stendlər qarşısında baş verir. Lakin artıq vəziyyət dəyişir. Yeni mövsümdən İngiltərədə teleyayımlarda çevriliş gözlənilir. Klublar oyunçuların teleşirkətlərə müsahibə vermələrinə şərait yaratmağı öhdələrinə götürüblər. Bəziləri hətta telekameraları soyunub-geyinmə otağına da buraxacaq. Bu çevriliş Premyer Liqanın televiziya ilə müqaviləsi sayəsində mümkün oldu. Televiziyanın tarixində futbol üçün indiki qədər çox pul ödənmirdi. Növbəti 3 ildə Premyer Liqa televiziyalardan 5,5 milyard pul alacaq. Bu, öncəki müqavilədəkindən 3 milyard çoxdur.

Bundan əlavə Britaniya bazarında rəqabət güclənib. İndi ödənişli peyk kanalı «Sky»dan savayı ingilis futbolunu «BT» şirkəti də yayımlayacaq. Özü də o, ingilis futbolunu öz müştəriləri üçün pulsuz edir. Sadəcə İnternet əlaqəsi üçün aylıq 10 funt ödəmək kifayətdi. Bununla da İngiltərə çempionatının hər turundan 1 oyuna pulsuz baxmaq olacaq. Rəqabətin artması və teleşirkətlərin böyük pullar qoyması televiziyanın indi Premyer Liqadan daha çox eksklüziv istəməsinə gətirib çıxarıb. Klublar TV-yə daha keyfiyyətli məhsul vermək üçün güzəştlərə getməli olublar.
Bəs ingilis futbolunu hansı dəyişikliklər gözləyir?

1. TV-də ikisaatlıq müsahibələr norma olacaq
Yeni qaydalara görə hər bir klubun əsas heyətinin hər bir futbolçusu Premyer Liqanın rəsmi yayımçısına ən azı 1 müsahibə verməlidi. Hər bir klub belə söhbətlər üçün həftədə ən azı bir oyunçusunu təqdim etməlidi. İngiltərədə bundan öncə belə şeylər yox idi. Oyunçular çox nadir hallarda televiziyalara müsahibə verirdilər. Belə müsahibələr əsasən klub telekanallarına və ya klubun rəsmi tədbirlərində olur. İndi Ueyn Runi və ya Robin van Persi il ərzində ən azı bir müsahibə verməlidilər. Əvvəllər İngiltərədə ümumiyyətlə müsahibə verməyən futbolçular olurdu. Belə təcrübə Avropanın heç bir ölkəsində yoxdu.

2. Oyunqabağı oyunçu və məşqçi ilə ünsiyyət
Hər bir matçdan öncə klub əsas heyətdən bir oyunçusunu və mütləq baş məşqçini qısa müsahibə üçün təqdim etməlidi. Əvvəllər matçqabağı müsahibələr mütləq deyildi. İngiltərədə oyunqabağı hərdən məşqçilər danışırdılar. Futbolçular isə heç vaxt.

3. Soyunub-geyinmə otağında kameralar
Premyer Liqanın yeni yayımçısı «BT» telekameralarını əvvəllər qoyulmadığı yerlərə qoymaq istədi. İlk növbədə də soyunub-geyinmə otağında. Hələlik bu qayda rəsmi təsdiqlənməyib. Lakin artıq yeni mövsümdən bəzi klublar televiziyanı soyunub-geyinmə otağına buraxacaqlar. Məşqçilərin oyunqabağı təlimatlarının yayımı barədə hələ ki, söhbət getmir. Hələlik kameralar yalnız futbolçuların soyunub-geyinmə otağına girməsini çəkəcəklər və ola bilsin ki, jurnalistlər orada müsahibə götürsünlər. Futbolda indiyədək belə təcrübə mövcud deyildi.

4. Genişlənmiş mikst-zona
İndi İngiltərədə televiziya oyunçulardan mikst-zonada müsahibə götürə bilər. Bu qayda hətta Premyer Liqanın rəsmi yayımçısı olmayan kanallara da aiddi. Əvvəllər bu hüquq yalnız Premyer Liqaya eksklüziv üçün pul ödəyən kanalların hüququ idi.

Xəbər 1079 dəfə oxundu.