Jurnalistin qeyd dəftərçəsi bağlandı…

İyunun 10-da Azərbaycan mətbuatının görkəmli simalarından biri, adı təkcə Azərbaycanın deyil, keçmiş İttifaqın idman mətbuatının da tanınmış yazarları ilə bir sırada çəkilən, Əməkdar jurnalist Aqşin Kazımzadə bizi həmişəlik tərk etdi.

Ürək ağrılarından əziyyət çəkən Aqşin müəllimin əbədiyyət səfəri haqqında söz deyərkən, “unudulmayacaq”, “xatirəsi qəlbimizdə daim yaşayacaq” kimi ştamplarla kifayətlənmək olmur. Söhbət peşəkar söz, qələm ustası Aqşin Kazımzadədən gedirsə, bunu etmək olmaz, bacarmaram. O insan mənim sələfim olmaqla bərabər, yaş fərqimizin böyüklüyünə baxmayaraq, həm də son zamanlar qazandığım ən gözəl dostlarımdan biri idi.

Aqşin Kazımzadəni hələ orta məktəbdə oxuduğum illərdən tanıyırdım. O, respublikanın yeganə idman nəşri olan və 120 mindən yuxarı oxucusu olan “İdman” qəzetinin baş redaktoru idi, mən isə adi bir məktəbli. Rus dilində çıxan “İdman”da («Sport») ancaq onun yazılarını oxuyurdum. Qəzetin ən çox xoşladığım yazılarının dərc olunduğu nömrələrini yığıb saxlayırdım. Amma o vaxt 15-16 yaşlı bir yeniyetmə kimi, ağlıma da gətirə bilməzdim ki, özüm üçün yad, uzaq və əlçatmaz hesab etdiyim o redaktorla tanış olanda, onun uzun illər əyləşdiyi kürsüdən ona əməkdaşlıq təklif edəcəyəm. Aqşin müəllimi redaksiyaya dəvət edib ona 18 illik ayrılıqdan sonra öz doğma qəzeti ilə əməkdaşlıq təklif edərkən, üzündə gördüyüm təbəssüm hələ də gözlərim önündən getmir.

Əslində onu redaksiyaya qaytarmaq – həmişə fikirlərinə və rəyinə, elə həm də özünə böyük hörmətim olan bir insanın ideyası idi. Tutduğu vəzifəyə görə və həm də təvazökar olduğu üçün adını çəkməsəm də, Aqşin müəllimin son zamanlar doğma qəzetinə yenidən qayıtması onun təşəbbüsü ilə baş tutmuşdu.

Aqşin Kazımzadə ilə 9 il öncə - 2002-ci ilin yayında tanış olmuşduq. “İdman” qəzetinin 70 illik yubileyinə hazırlıqla əlaqədar redaksiyada görüşdüyüm ikinci insan o oldu. Rəhmətlik Mirpaşa Miriyevlə söhbətimizin ertəsi günü həmsöhbətim Aqşin müəllim idi. Qəzetə 1951-1987-ci illərdə rəhbərlik etmiş Mirpaşa müəllimlə, 1963-1994-cü illərdə redaktor müavini və baş redaktor olmuş Aqşin müəllim xasiyyətcə tam fərqli insanlar idi. Hər birinində xarakterində özünə məxsus gözəl cizgilər vardı.

Onlardan «İdman»ın 70 illik yubileyinə həsr olunacaq xüsusi buraxılışa qəzetlə bağlı xatirələrini yazmağı xahiş etmişdim. Həmin buraxılışda, onlardan başqa, Oqtay Bayramov, rəhmətlik Valid Sənani, böyük idman təşkilatçısı, mərhum Əbdül Sadıxov və başqalarının da xatirələri dərc olundu.

O ərəfədə “Köhnə inturist” mehmanxanasında (bir neçə il öncə sökülüb, yerində yenisi tikilib) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyimiz dəyirmi masa arxasında Mirpaşa Miriyev, Aqşin Kazımzadə, Valid Sənani, eləcə də bu gün yaşının ən ahıl çağında belə, gənclik həvəsi ilə “Xalq qəzeti”ndə fəaliyyətini davam etdirən Oqtay müəllim, həmçinin Aydın Əliyev və başqaları əyləşmişdilər.
Hər iki tədbirdə fəal iştirak edən Aqşin müəllim təcrübəli, qocaman jurnalistləri qələmi yerə qoymamağa, gənclərə örnək olmağa çağırırdı, necə ki, son nəfəsinədək özü bunu etdi.

Aqşin müəllim nə qədər səmimi olsa da, dilindən tərif eşitmək heç də asan məsələ deyildi. Ən gözəl xasiyyəti də elə bu idi: ağa ağ, qaraya qara deyərdi (Bunun əksini iddia edən çətinki, tapıla) İstər rus dilində nəşr olunan “Kaspi” qəzetində müəllifi olduğum kitablardan biri haqda yüksək fikirlərini bildirib, tərifəlayiq sözlər yazması, istərsə də, bu yaxınlarda Mətbuat Şurasında onunla bərabər təltif olunduğum tədbirdə səhhətinin heç də yaxşı olmadığı bir məqamda ayağa qalxıb haqqımda yüksək fikir ifadə etməsi də gözlənilməz olmuşdu.

Son vaxtlar onunla redaksiyada tez-tez görüşürdük. Aqşin müəllimin keçən illər – 60-80-ci illərlə bağlı söhbətləri insanı istər-istəməz o dövrə aparırdı. Söhbət əsnasında tez-tez: “indi qəzet çıxarmaq çox asandır, lakin bu cür imkanlardan səmərəli istifadə olunmur” deməklə bugünkü jurnlistikamızın səviyyəsindən narazı qaldığını ifadə edirdi.

Redaksiyada sonuncu görüşümüz zamanı şərtləşmişdik ki, xatirələrini qələmə alacaq, «İdman»ın 80 illik yubileyi ərəfəsində qəzetin tarixini və redaksiyada birgə çalışdığı qələm yoldaşları haqda xatirələrini yazacaqdı. Onu da şərtləşmişdik ki, 70 illikdə idman jurnalistikamızın ağsaqqalı kimi Mirpaşa müəllim çıxış etmişdisə, bu dəfə - onun yoxluğunda bu missiyanı Aqşin müəllim daşıyacaq. Amma qismət olmadı...

Yeri gəlmişkən, Aqşin müəəlim bu yaxınlarda rəhmətlik Mirpaşa Miriyevin qızının atası haqda kitab yazdığını və bunun üçün ondan kömək istədiyini demişdi. Mən də onunla bağlı qəzetin arxivində nə varsa Aqşin müəllimə çatdıracağıma söz vermişdim. Di gəl, bu da qismət olmadı... Hər halda inanıram ki, A.Kazımzadənin Mirpaşa müəllimin ailəsinə verdiyi sözü “İdman” qəzeti redaksiyası olaraq biz tutacaq və çalışacağıq ki, Aqşin müəllim haqda da belə bir kitab hazırlanmasına nail olaq.

Bu yaxınlarda redaksiyamızda olarkən, hazırda nəşrə hazırlanan kitabın mövzusunu öyrəndikdə, “gözəl ideyadır, bir resenziya məndən” demişdi. Fəqət bu da qismət olmadı...

Aqşin müəllimin redaksiyamıza gəlişini kollektiv hər dəfə həvəslə gözləyirdi. Öz məsləhətləri ilə işimizdə daha yaxından iştirak etməyə çalışırdı.

Hər halda, Aqşin Kazımzadə ilə aramızdakı ünsiyyət, yuxarıda sadaladığım hadisə və faktlar onun haqqında onu tanıyan insan kimi danışmağıma, onunla bağlı fikirlərimi (nə qədər acı olsa da, həm də keçmiş zamanda) deməyə haqq verər.

Aqşin Kazımzadə çox ciddi, gözəl qələmə, iti zəkaya və möhkəm yaddaşa malik bir insan idi. Çəkinmədən onu idmanımızın canlı ensiklopediyası da adlandırmaq olardı. Bunun dəfələrlə şahidi olmuşam. Adicə “İdman” qəzeti 1932-ci ildə kimin rəhbərliyi ilə fəaliyyətə başlayıb, neçənci ildə qəzetdə kimlər işləyib, yaxud idman hadisələri ilə bağlı istənilən məsələdə onun yaddaşına sığınmaq olardı. Ən son isə ötən ayın 31-də Mətbuat Şurasında kimsə 40-50 il bundan öncəki bir futbol oyununu xatırlayarkən məşhur qapıçımız Çingiz İsmayılovun o oyunda qol buraxmadığını deyəndə, Aqşin müəllim dözməyib: “Səhv edirsən, həmin oyunda 2 qol buraxdı” – deyə düzəliş verdi. Bunu həmin tədbirdə iştirak edən hər kəs təsdiqləyə bilər. Bu da Aqşin Kazımzadə fərqi...

Son zamanlar öz xatirələrini həm “Kaspi” qəzetində, həm də bizim qəzetdə “Jurnalistin qeyd dəftərçəsi” rubrikası altında qələmə alan Aqşin müəllim “Kaspi”də təkcə idmandan deyil, müxtəlif sahələrdən yazırdı. Çox heyf, nə qədər acı olsa da, “jurnalistin qeyd dəftərçəsi” bağlandı.

Aqşin Kazımzadə öz jurnalist karyerasının ən çox və parlaq dövrünü “İdman” qəzetində keçirib. Əmək fəaliyyətinin 31 ilini bizim qəzetə həsr edib. Fəxr edirik ki, mətbuat tariximizdə iz qoymuş Aqşin Kazımzadə kimi qələm sahibinin sonuncu yazısı da məhz öz sevimli qəzetində dərc olunur. Təəssüf ki, ölümündən sonra!

Allah rəhmət eləsin!

Xəbər 3936 dəfə oxundu.