Yeniyetmə yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb
Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa birinciliyi başa çatıb. İdman.com.az saytı xəbər verir ki, çempionatın son iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşi yığması Vətənə qayıdıb.

Yığma üzvlərini Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Yeniyetmələrdən ibarət yunan-Roma güləşi komandasının böyük məşqçisi Nurəddin Rəcəbov çempionat barədə təəssüratlarını media nümayəndələri ilə bölüşüb:

“Çempionat çox gərgin keçdi. Hər il olduğu kimi bu il də yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız üçüncü olmuşdu. Bu il hədəfimiz nəticəni daha da yaxşılaşdırmaq, çempion olmaq idi. Komanda hesabında çempion ola bilməsək də, çempionatı ikinci sırada tamamladıq. Yüksək hazırlıq prosesi keçmişdik. Güləşçilərimiz yaxşı çıxış etdilər, müəyyən çatışmazlıqlar oldu, Dünya çempionatına qədər onları aradan qaldıracağıq”.

Xatırladaq ki, Avropa çempionatında yeniyetmə yunan-Roma güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq 61 xalla Avropa ikincisi olub, yalnız Rusiyadan (69 xal) geri qalıb. Üçüncü yeri isə Ermənistan (54 xal) komandası tutub.

Xəbər 1067 dəfə oxundu.