Cüdo üzrə Avropa çempionatına yekun vurulub
Estoniyanın paytaxtı Tallində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda 40 ölkədən 438 cüdoçu (180 qız, 258 oğlan) birincilik uğrunda mübarizə aparıb.

Yarışın ilk günü komandamız üçün çox uğurlu olub. Belə ki, komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Çempionatında Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) qızıl, İlkin Babazadə (55 kq) gümüş, Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) bürünc medala sahib olublar.

Yarışın ikinci günü 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elnur Əhmədli komandamıza daha bir gümüş medal qazandırıb.
Beləliklə, Azərbaycan cüdoçuları qitə birinciliyini 6 medalla (2 qızıl, 2 gümüş və 2 bürünc) başa vurmuş və millimiz komanda hesabında birinci olub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezident Elnur Kələntərov və baş katib Elnur Camalxanov milli komandamızın Avropa çempionatındakı çıxışını izləyiblər.

Xəbər 1241 dəfə oxundu.