Güləş üzrə Avropa çempionatına yekun vurulub
Monteneqronun Bar şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində pəhləvanlar qüvvələrini sınayıblar.
Güləşçimiz Niyazi Məmmədov (54 kq) ardıcıl olaraq Xorvatiya və İtaliyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinal görüşü təmsilçimiz üçün uğurlu alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Rəqibindən üstün olan N.Məmmədov yarışı üçüncü pillədə başa vurub.
Yarışa 1/8 final mərhələsindən başlayan Sənan Əlimirzəyev (63 kq) bütün rəqiblərindən üstün olmuş və finala yüksəlmişdir. Həlledici mərhələdə Ukrayna idmançısını məğlub edən S.Əlimirzəyev Avropa çempionu adını qazanıb.

İslam Abbasov (76 kq) da finaladək maneəsiz irəliləyib. Final qarşılaşmasında pəhləvanımız almaniyalı rəqibinə məğlub olmuş və gümüş medalla kifayətlənib.

Beləliklə, Avropa çempionatında mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Komanda hesabında Rusiya birinci, Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıblar. Üçüncü yeri Ermənistan yığması tutub.

Xəbər 1059 dəfə oxundu.