Azərbaycan AİPS-in bayrağını təhvil aldı
Hər kəsin qısaca AİPS kimi tanıdığı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası 1924-cü ildə yaradılıb. Dünyanın ən qocaman jurnalist təşkilatlarından olan bu quruma hazırda italiyalı Canni Merlo rəhbərlik edir. Bundan öncə isə uzun müddət AİPS-ə türkiyəli Toqay Bayatlı başçılıq edib. Toqay Bayatlı Türkiyə Milli Olimpiya Komitəsinin də bundan öncəki prezidenti olub və beynəlxaq olimpiya hərəkatında da fəal iştirak edib.
Təşkilatın ali məclisi olan konqresi hər il toplansa da, rəhbər orqanlara seçkilər 4 ildən bir keçirilir. Aprelin 15-dən 19-dək Rusiyanın Soçi şəhərində keçirilmiş 76-cı konqresdə də bəzi vəzifələr və İcraiyyə Komitəsi üzvləri yenidən seçildilər.
Konqresdə Azərbaycandan AİPS-in 4 üzvü iştirak edirdi. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, vitse-prezidenti Nərgiz Mahmudzadə və mən.
Konqres barədə qeydlərə keçməzdən öncə, təşkilatçılıq və məkan barədə təəssüratlarımı qeyd etmək istərdim. Əslində, məkan Soçi göstərilsə də, konqres şəhərdən 15-20 km kənarda, Adlerdə yenicə istifadəyə verilmiş “Radisson Blue” otelində təşkil edilmişdi. Otelin ətrafı isə tikinti meydanından ibarət idi. Burada gələn il keçiriləcək Qış Oyunlarının olimpiya Kəndi və müxtəlif idman qurğuları inşa edilir.
AİPS-in konqresini, təşkilatçı ölkə üçün, Soçi olimpiadasına hazırlıq məşqi də adlandırmaq olar. Bunu təkcə məkan baxımından deyil, digər təşkilati məsələlərdə, xüsusilə, təhlükəsizlik tədbirlərinə cəlb edilən dövlət qurumlarının fəaliyyətində də hiss etmək olurdu.
AİPS-in konqresi indiyədək keçmiş SSRİ məkanında yalnız bir dəfə - 1980-ci ildə, Olimpiada ərəfəsində Moskvada təşkil edilmişdi. Qeyd edim ki, gələn il Bakıda keçiriləcək 77-ci konqres həm də AİPS-in 90 illik yubileyinə təsadüf edəcək. Builki konqresə aprelin 15-də “Radisson Blue” otelinin konqres zalında keçirilən təntənəli açılış mərasimi ilə start verildi.
Mərasimdə Rusiyanın idman naziri Vitali Mutko çıxış edərək, dünya idman jurnalistlərini növbəti konqres münasibətilə təbrik etdi.
AİPS prezidenti Canni Merlo təşkilatçılığa görə Rusiya dövlətinə təşəkkürünü bildirdi. Digər çıxış edənlər də nümayəndələri salamlayaraq, uğurlar arzuladılar.
Açılışdan bir neçə saat öncə Rusiyanın idman naziri Vitali Mutko jurnalistlərlə görüşüb, suallarını cavablandırdı. Görüş zamanı cənab Mutko Soçinin qış olimpiadasına hazırlğı ilə bağlı məlumat verdi, bütün işlərin qaydasında olduğunu qeyd etdi. Lakin Olimpiya kəndinin tikintisini müşahidə edən jurnalistlər yubanmalar ola biləcəyi qənaətində idilər.
Aprelin 16-da konqres işə başlamazdan öncə AİPS-in qitələr üzrə təşkilatlarının toplantıları keçirildi. Azərbaycanın da üzv olduğu Avropa İdman Mətbuatı İttifaqının (UEPS) iclasında bir sıra məsələlər müzakirə edildi. Burada, əsasən, AİPS-in rəhbər vəzifələrinə Avropa ölkələrindən namizədlərin irəli sürülməsi məsələsi də müzakirə edildi.
Maraqlıdır ki, UEPS prezidenti Yanis Darasın sədrliyi ilə keçən iclasda AİPS-in İcraiyyə Komtəsi üzvlüyünə irəli sürülən namizədlər arasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti Nərgiz Mahmudzadənin də adı var idi. AİJA N.Mahmudzadənin namizədliyini AİPS vitse-prezidenti postuna irəli sürmüşdü. Lakin UEPS prezidentinin təklifi ilə Nərgiz xanım namizədliyini geri götürdü və AİPS icraiyyə Komitəsi üzvlüyünə namizəd oldu.
Seçkilər zamanı 38 səs toplayan N.Mahmudzadə az fərqlə rəqiblərinə uduzdu.
Konqresin gedişində bir sıra məsələlər müzakirə edildi. Bunlar arasında qadın idman jurnalistlərinin beynəlxalq seminarının təşkili, idman yarışlarının beynəlxlaq ictimai fikirdə yeri, bu məsələdə idman mətbuatının rolu və digər məsələlər də vardı.
Konqres günlərində bir sıra ölkələr qarşıdakı illərdə təşkil edəcəkləri beynəlxalq yarışların təqdimatını da həyata keçirdi. Bu baxımdan Çin, Rusiya, Belarus və başqa ölkələrdə keçiriləcək dünya çempionatları, idman oyunları və digər yarışlara hazırlıq barədə müvafiq təşkilat komitələri məlumat verdilər.
İstanbul və Tokio şəhərlərinin 2020-ci il olimpiadasına namizəd şəhər olaraq təqdimatları da maraqla qarşılandı.
AİPS-in “Young reporters” proqramının təqdimatı, daha çox, Azərbaycana həsr olunmuşdu. Ötən il Bakıda gənc idman jurnalistləri üçün təşkil edilmiş 3 həftəlik tədris proqramının yekunu olaraq, dünyanın müxtəlif ölkələrindən gənclərin hazırladıqları videoçarxı izləyən hər kəs ölkəmizin inkişafını və idman potensialını bir daha gördü.
Konqresin sonuncu günü Rusiya baş nazirinin müavini Dmitri Kozak çıxış edərək idman jurnalistlərinə uğurlar arzuladı və AİPS-in bayrağını Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim etdi. Qeyd edək ki, AİPS-in yaşı qədər tarixi olan bu bayraq bundan sonra da təşkliatın ofisində saxlanacaq və yalnız ənənəyə uyğun olaraq, konqresin başlanmasına iki gün qalmış Azərbaycan paytaxtına gətiriləcək.
Bayrağın rəmzi olaraq, Azərbaycana verilməsindən sonra çıxış edən Çingiz Hüseynzadə Bakının gələn il AİPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd etdi və bütün dünyanın idman jurnalistlərini Bakıda qarşılamaqdan məmnun olduğunu bildirdi.
Sonra Ç.Hüseynzadə təqdimat üçün sözü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Nərgiz Mahmudzadəyə verdi.
Gələn il AİPS-in 90 illik yubileyinə təsadüf edəcək 77-ci konqresə ölkəmizin hazırlığı barədə qısaca informasiya verən N.Mahmudazdənin çıxışından sonra Bakı haqqında xüsusi videoçarx nümayiş etdirildi.
Daha sonra AİPS prezidenti Canni Merlo Çingiz Hüseynzadəyə, AİJA prezidenti Eldar İsmayılova və Nərgiz Mahmudzadəyə 76-cı konqresin xatirə hədiyyəsini təqdim etdi.
Günün sonunda konqresin bağlanışına həsr olunmuş ziyafət zamanı, gələn il AİPS konqresinin Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalandı. Müqaviləni AİPS prezidenti Canni Merlo və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə imzaladılar.
Beləliklə, Azərbaycan paytaxtının gələn il Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinə evsahibliyi edəcəyi rəsmən təsdiqləndi.

Qabil MEHDIYEV

Xəbər 1306 dəfə oxundu.