Avropa çempionu Vətənə döndü
Əsgərxan Novruzov: Erməni güləşçilər üzərində tam qələbə bizi 2-qat sevindirir


Çernoqoriyanın Bar şəhərində keçirilmiş yeniyetmə sərbəst güləşçilərin Avropa birinciliyində qalib adını qazanmış Azərbaycan milli komandası bu gün gecə saatlarında Vətənə qayıtdı. İdman.com.az saytı xəbər verir ki, qitə çempionlarını Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, KİV əməkdaşları və Güləş Federasiyasının nümayəndələri qarşıladılar. Avropa birinciliyi barədə təəssüratını bölüşən böyük məşqçisi Əsgərxan Novruzov, qələbəni Azərbaycan xalqına həsr etdiklərini dedi:

«Bu qələbə münasibəti ilə hamını təbrik edirəm. Həqiqətən, böyük iş görüldü. Ötən il analoji yarışda komandamız ikinci olan halda, bu dəfə güclü Rusiya kollektivini bir xala qabaqlayaraq, çempion adını qazandıq. Düzü, cari mövsümdə hədəfimiz də, elə çempion olmaq idi. Allaha min şükürlər olsun ki, buna nail olduq. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: bu yarışda 4 dəfə düşmən ölkənin təmsilçiləri ilə qarşılaşdıq və sevindirici haldır ki, həmin mübarizələrin hamısında erməni güləşçilərə qalib gəldik.

Yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Çempionata yaxşı hazırlaşmıqdıq. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı – çempion olmalıydıq. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə, sonda bu uğura nail olduq».

Yeniyetmələr üzrə millinin təcrübəli məşqçisi Vahid Məmmədov qeyd etdi ki, bu Avropa birinciliyində də rəqabət gərgin keçdi. Amma buna baxmayaraq, komandamız qarşıya qoyulan vəzifəin öhdəsindən gəldi: «Sevincimin həddi-hüdüdü yoxdur. İkinci dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaət göstərdiyi torpaqda – Çernoqoriyada Azərbaycan bir daha igidlik nümayiş etdirdi. Ay yarımdan sonra bizi yenə çətin sınaq – dünya birinciliyi gözləyir. İnşallah, o yarışda da öz sözümüzü deyərik.».

Qeyd edək ki, Avropa birinciliyində yeniyetmə sərbəst güləşçilərimiz 4 qızıl, 4 bürünc medal qazanaraq, 75 xalla 1-ci olub. 2-ci yeri Rusiya (74 xal), 3-cü sıranı Urkayna (61 xal) millisi tutub.

Kamran HACI

Xəbər 1156 dəfə oxundu.