Kayak və kanoe üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb


İyunun 17-də Serbiyanın paytaxtı Belqradda kayak və kanoe üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək. 40-dək ölkənin qatılacağı nüfuzlu yarışda Azərbaycanı 4 kişi, 1 qadın idmançı təmsil edəcək.

Yeganə qadın təmsilçimiz kayak növündə mübarizə aparacaq Natalya Fiklisovadır. Fiklisova 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüş edəcək. Kişilər isə kanoeçilərin yarışına qatılacaqlar. 2009-cu ilin dünya və Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələri qət edəcək. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr və 5000 metr məsafələrə yürüşlərdə qüvvəsini sınayacaq. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) yürüşdə 2010-cu ildə Avropa çempionu adını qazandıqları 1000 metr məsafə ilə yanaşı, 500 metr və 200 metr məsafələrə yürüşlərdə də çıxış edəcək.

Milli komandamız Avropa çempionatı öncəsi mayın əvvəllərindən Polşada baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında təlim-məşq toplantısı keçib. Kayak və kanoeçilərimiz Dünya Kubokunun 3 mərhələsindən 2-də iştirak edib. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti Dünya Kubokunun I mərhələsində 2 qızıl, 1 gümüş, III mərhələdə 1 gümüş medala layiq görülüb. Valentin Demyanenko isə Dünya Kubokunun III mərhələsində 200 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə bürünc medal qazanıb. Amma Adnan Əliyev və Natalya Fiklisova əsas finala çıxa bilməyib.

Azərbaycan yığması Avropa çempionatında ardıcıl 3-cü il mübarizə aparacaq. 2009-cu ildə Almaniyanın Brandenburq şəhərində keçirilmiş qitə çempionatında ölkəmizi 3 kanoeçi, 1 kayakçı təmsil edib. Kanoeçilərimizdən Demyanenko qızıl, Bezuqlıy – Prokopenko dueti bürünc medal qazanıb. Kayakçı Ramil Məmmədov isə seçmə mərhələdəcə mübarizəni dayandırıb. 2010-cu il Avropa çempionatında ölkəmizdən yalnız Bezuqlıy – Prokopenko dueti yarışıb. Bu cütlük 1 qızıl, 1 gümüş medala layiq görülüb. Bu dəfə isə ölkəmiz daha geniş tərkibdə - 5 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, iyunun 19-dək davam edəcək Avropa çempionatı 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi son sınaq olacaq.

Xəbər 1251 dəfə oxundu.