Binə qəsəbəsində yeni idman zalı istifadəyə verildi
İyunun 6-da Binə qəsəbəsində yeni idman zalının açılış mərasimi olub. İdman mərkəzinin açılışını bildirən rəmzi qırmızı lenti gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev kəsiblər.
Mərasimdə çıxış edən nazir müavini İ.İsmayılov ölkəmizdə idmana göstərilən diqqətdən danışıb, respublikada yeni Olimpiya İdman komplekslərinin inşasının davam etdiyini və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyini bildirib. Bu cür idman mərkəzlərinin olması məktəblilərin idman və bədən-tərbiyəsi ilə mütəmadi məşğulluğuna, gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. Ölkəmizdə idmanın kütləviliyinin artmasında bu cür mərkəzlər xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, ötən il idmançılarımız müxtəlif yarışlarda 675 medal qazanıblar.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev yeni idman mərkəzinin açılması münasibətilə qəsəbə sakinlərini təbrik edib, gənclərin idmanla məşğul olması üçün inşa olunan qurğunun əhəmiyyətini yüksək qiymətləndirib.
Binə idman zalı, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən inşa edilib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış 0,36 hektar sahədə inşa olunmuş tikilinin ümumi sahəsi 707 kvadratmetrdir. İkimərtəbəli idman mərkəzində universal idman zalı, soyunub-geyinmə otaqları, duş kabinələri, həkim və məşqçi otaqları vardır. İdman mərkəzinin binasının uzunluğu 24,6, eni isə 18,6 metrdir. Birinci mərtəbədə 18x15 ölçüdə güləş zalı, soyunub geyinmə otaqları, duş kabinəsi, vestibül, texniki otaq, sanitar qovşaqlar inşa olunub. İkinci mərtəbədə isə dəhliz, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və həkim otağı və sanitar qovşağı vardır.
İdman mərkəzinin özünün ayrıca olaraq hər birinin tutumu 100 m3 olan bir ədəd içməli və 1 ədəd texniki su anbarı, transformator yarımstansiyası, nasosxana və qazanxana binaları da var.

Xəbər 11130 dəfə oxundu.