"Simurq" yeni mövsümün hazırlıqlarına start verdi
"Simurq" 2013/14-cü il mövsümünün hazırlıqlarına start verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərində bir araya gələn komanda təlim-məşq toplanışlarının birinci mərhələsini Mərdəkanda davam etdirir.

"Sarı-qaralar" tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxır. Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edir.

Axşam hazırlığı isə "Dalğa Arena"nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanır.

Qeyd edək ki, "Simurq"un Bakı toplanışı ayın 21-nə qədər davam edəcək. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

Xəbər 842 dəfə oxundu.